Norveç millisinin hücumçusu Erlinq Haaland UEFA Millətlər Liqasının qrup mərhələsində Uelsə qarşı keçirilən oyunda fərqlənməklə daha bir tarixi göstəriciyə imza atıb. Matc.az xəbər verir ki, 26 yaşlı forvard Oslo şəhərindəki “Ullevaal” stadionunda baş tutan qarşılaşmada 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının üçüncü qolunu vurub. Bununla da Norveç millisi Uelsi 3:1 hesabı ilə məğlub edib.

Haaland görüşdə yalnız qolla kifayətlənməyib. O, 68-ci dəqiqədə Andreas Şelderupun vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, hücumçu bir oyunda həm qol, həm də assistlə komandasının qələbəsində mühüm rol oynayıb.

Bu qol Haalandın Norveç millisindəki hesabına 66-cı qolu olub. O, buna cəmi 60 oyunda nail olaraq milli komandanın tarixində ən məhsuldar futbolçu statusunu daha da möhkəmləndirib.

Maraqlı məqam ondan ibarətdir ki, norveçli hücumçu milli komandada vurduğu qolların sayına görə Lionel Messi və Kriştiano Ronaldodan daha yüksək orta göstəriciyə malikdir. Haaland hər oyuna orta hesabla 1,1 qol vurur.

Qeyd edək ki, Norveç millisinin digər qollarını Antonio Nusa və Andreas Şelderup vurublar. Uelsin yeganə qoluna isə Devid Bruks imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest