Matc.az xəbər verir ki, veteran futbolçular klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşüblər. Görüş zamanı 55 yaşını qeyd edən Tərlan Əhmədova və 50 illik yubileyi tamam olan Kamal Quliyevə xatirə hədiyyələri təqdim edilib.
“Neftçi” klubunun veteran futbolçuları Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində qonaq olublar. Matc.az xəbər verir ki, veteran futbolçular klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşüblər. Görüş zamanı 55 yaşını qeyd edən Tərlan Əhmədova və 50 illik yubileyi tamam olan Kamal Quliyevə xatirə hədiyyələri təqdim edilib.
Tərlan Əhmədov karyerası ərzində “Neftçi” ilə yanaşı, Rusiyanın, İranın və Ukraynanın müxtəlif klublarında da çıxış edib. O, 1989-1991 və 1998-2002-ci illərdə “ağ-qaralar”ın formasını geyinib. Müdafiəçi paytaxt təmsilçisinin heyətində 121 oyun keçirərək 6 qol vurub. 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olan Əhmədov həmin il ölkənin ən yaxşı futbolçusu seçilib. O, həmçinin SSRİ-nin yeniyetmələrdən ibarət komandası ilə 1990-cı ildə Avropa çempionluğunu qazanıb və Azərbaycan millisinin heyətində 75 matçda meydana çıxıb.
Kamal Quliyev isə 1997-2002-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Yarımmüdafiəçi bu müddətdə 142 oyunda 24 qol vurub və 1999-cu ildə Azərbaycan Kubokunu qazanıb. O, Azərbaycan millisinin formasında 47 qarşılaşmada iştirak edib. Quliyev karyerası ərzində Ukrayna çempionatında da çıxış edib.
Qeyd edək ki, Tərlan Əhmədov və Kamal Quliyev 2011-2014-cü illərdə baş məşqçi Böyükağa Hacıyevin məşqçilər korpusunda yer alıblar. Həmin dövrdə “Neftçi” iki dəfə Azərbaycan çempionu (2012, 2013), iki dəfə ölkə kubokunun qalibi (2013, 2014) olub. Paytaxt təmsilçisi 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolu tarixində ilkə imza atıb.
Tərlan Əhmədov 2017/2018 mövsümündə “Neftçi”nin baş məşqçisi vəzifəsində çalışıb və komandanı Azərbaycan çempionatının bürünc medalına daşıyıb.













