Kiçik və orta səviyyəli klublar Avropa futbolunda qərarların qəbulunda təmsilçilik imkanlarının məhdudlaşdırıldığını bildirirlər. Matc.az xəbər verir ki, Avropa Klubları İttifaqı (UEC) UEFA və Avropa Futbol Klubları (EFC) təşkilatının fəaliyyətindən Avropa Komissiyasına rəsmi şikayət edib.

16 noyabrda təqdim olunan müraciətdə UEFA ilə EFC arasında imzalanmış əməkdaşlıq razılaşmasının Avropa İttifaqının rəqabət qanunvericiliyinə uyğunluğu məsələsinin araşdırılması tələb olunur.

UEC hesab edir ki, UEFA-nın EFC-ni Avropa klublarının yeganə rəsmi təmsilçisi kimi tanıması digər təşkilatların və yüzlərlə klubun futbolun idarə olunması prosesində iştirak imkanlarını məhdudlaşdırır. Təşkilat xüsusilə yarışların formatı, təqvim və mükafat vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərarlarda kiçik klubların kifayət qədər söz sahibi olmadığını bildirir.

Şikayətdə diqqət çəkən məqamlardan biri UEFA-nın Klub Yarışları Komitəsinin formalaşdırılmasıdır. UEC-nin iddiasına görə, komitənin 20 üzvündən 16-sı EFC tərəfindən irəli sürülür. Bu isə təşkilatın Avropa futbolunda qəbul edilən mühüm qərarlara təsir imkanlarını artırır.

Bundan başqa, UEFA ilə EFC arasında əməkdaşlıq memorandumu 2024-cü ildə 2033-cü ilə qədər uzadılıb. UEC həmin sənədin ictimaiyyətə açıqlanmasını və mümkün məhdudlaşdırıcı müddəaların aradan qaldırılmasını istəyir.

Təşkilatın təqdim etdiyi araşdırmaya əsasən, 2000-ci ildən bəri təxminən 50 klub Çempionlar Liqasının iştirak yerlərinin 80 faizini əldə edib. UEC bunun Avropa futbolunda rəqabət balansına mənfi təsir göstərdiyini düşünür.

Qeyd edək ki, 2023-cü ildə yaradılan UEC-nin 22 ölkədən 138 üzv klubu var. EFC isə 900-dən çox klubu birləşdirir və Paris Sen-Jermen klubunun prezidenti Nasser Əl-Xelaifinin rəhbərliyi ilə fəaliyyət göstərir.

UEFA və EFC şikayətlə bağlı Reuters agentliyinin sorğusuna cavab verməyib. Bildirək ki, müraciətin təqdim edilməsi qurumların qanun pozuntusuna yol verdiyinin sübutu deyil. İndi əsas diqqət Avropa Komissiyasının araşdırmaya başlayıb-başlamayacağına yönəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest