“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunda “Şamaxı” ilə 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

O, əvvəlcə Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib:

“Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hər oyuna qələbə üçün hazırlaşırıq. Bu gün enişli-yoxuşlu matç keçdi. İlk 20 dəqiqədə oyuna nəzarət edirdik, sonradan vəziyyət dəyişdi. Tam üstünlük qura bilmədik və rəqibə əks-hücumlar üçün imkanlar verdik. 2:2 hesabı azarkeşlər üçün maraqlı görünə bilər. Qələbə qazana bilərdik, amma rəqib də qol vura bilərdi. Hazırda turnir cədvəlinin ilk beşliyindəyiksə, bu nəticə bizim üçün qəbuledilməzdir”.

Dambrauskas ikinci qoldan sonra hakimə etiraz etməsinin səbəbini də açıqlayıb:

“Üç gün əvvəl Çempionlar Liqasında oynamışdıq. Orada müəyyən qaydalar var və onlara əməl olunur. İstərdik ki, daxili oyunlarda da eyni yanaşma tətbiq edilsin. Xüsusi bir məsələ yox idi, hər şeyi hakimlə öz aramızda həll etdik. Hakimlikdən şikayətim yoxdur”.

Baş məşqçi sıx oyun qrafikindən sonra yaranacaq milli fasilənin komandaya kömək edəcəyini bildirib:

“Üç-dörd günlük istirahət bizim üçün faydalı ola bilər. Çempionlar Liqasında oynamaq istəyirdik və bunun asan olmayacağını bilirdik. Noyabr-dekabr aylarının daha çətin keçəcəyini də anlayırdıq. Bu səviyyəyə uyğunlaşmaq üçün özümüz inkişaf etməli və möhkəmlənməliyik”.

Litvalı mütəxəssis hava şəraitinin nəticəyə təsir etmədiyini vurğulayıb:

“Bunun heç bir əhəmiyyəti yoxdur. Külək ilk hissədə bir komandaya, ikinci hissədə isə digərinə qarşı idi. Futbolçular belə şərtlərə uyğunlaşmalıdırlar. Bir müddət əvvəl süni örtüklü meydançada, bu gün isə təbii örtükdə oynadıq. Peşəkar olmaq lazımdır. Hava şəraiti nəticəyə təsir etmədi”.

Dambrauskas Avropa oyunlarından sonra daxili çempionata uyğunlaşmağın çətinliklərindən də danışıb. O, “Qarabağ”ın bu baxımdan daha böyük təcrübəyə malik olduğunu söyləyib:

“Qarabağ” 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm digərləri aşağıdır. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər.

Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest