Türkiyə Superliqasının XI turunda bu gün “Alanyaspor” və “Trabzonspor” komandaları üz-üzə gələcək. Matc.az xəbər verir ki, qarşılaşma Alanya şəhərindəki Oba stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüşü Oğuzhan Çakır idarə edəcək.
Meydan sahibləri qarşılaşmaya uğursuz nəticələr fonunda çıxacaqlar. Belə ki, “Alanyaspor” çempionatda son üç oyununda məğlub olub. Komanda ötən tur səfərdə “Gənclərbirliyi”nə 0:5 hesabı ilə uduzub. Hazırda 12 xalı olan Alanya təmsilçisi turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
“Trabzonspor” isə əksinə, yüksəlişdədir. Qaradəniz təmsilçisi son turda “Qaziantep”i 2:0 hesabı ilə məğlub edib. Ardıcıl beş çempionat qələbəsi qazanan komanda 22 xalla üçüncü pillədə yer alıb. Thomas Reysin rəhbərlik etdiyi kollektiv bu dəfə də qələbə qazanaraq uğurlu seriyasını davam etdirməyə çalışacaq.
Qonaqların heyətində ciddi itkilər var. Arseniy Batagov, Okay Yokuşlu, Ruslan Malinovski, Cihan Çanak, Franculino Dju, Aral Şimşir, Tim Jabol-Folarelli və Onuralp Çevikkan zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcəklər. “Alanyaspor”da isə Paolo Fernandes və Fatih Aksoy sıraya daxil deyil.
Komandalar arasında əvvəlki 20 qarşılaşmanın 8-də “Alanyaspor”, 6-da “Trabzonspor” qalib gəlib. Daha 6 görüşdə qalib müəyyənləşməyib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və “beIN Sports 1” telekanalı vasitəsilə canlı yayımlanacaq.












