“İmişli”nin baş məşqçisi Ervins Perkons Misli Premyer Liqasının 11-ci turunda “Sumqayıt”la qolsuz heç-heçə etdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, latviyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə qarşılaşma barədə fikirlərini bölüşüb:

“Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Bərabərsəviyyəli oyun keçdi. Matç planlaşdırdığımız kimi alınmadı. Xüsusilə ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. İkinci hissədə daha yaxşı çıxış etdik. 100 faizlik qol imkanımız olmasa da, şanslarımız var idi. Heç-heçə ədalətli nəticə oldu. İstədiyimiz bu deyildi, amma futbolçuların performansından razıyam”.

Perkons növbəti turda “Zirə” ilə keçiriləcək oyun öncəsi Yevlaxda rəqiblərin qələbə qazana bilməməsinə də münasibət bildirib:

“Düşünmürəm ki, mənim gəlişimlə hər şey dəyişib və komanda qələbələr qazanmağa başlayıb. Əsas məsələ futbolçuların meydandakı çıxışı və yüksək motivasiyasıdır. Buna görə onlara təşəkkür edirəm. Azarkeşlərimizin də böyük dəstəyi var. Bəlkə də süni örtüklü meydança bəzi rəqiblər üçün çətinlik yaradır. Çünki onlar belə örtüyə öyrəşməyiblər və uzun yol qət edirlər. Amma hesab edirəm ki, hər şey düzgün və davamlı çalışmaqdan asılıdır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest