Konqo Demokratik Respublikası millisinin hücumçusu Sedrik Bakambu ABŞ-ın “San Dieqo” klubu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bakambu sentyabrın 3-də azad agent kimi “San Dieqo”ya qoşulmuşdu. Onun müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulsa da, əməkdaşlıq cəmi iki ay davam edib.
Təcrübəli hücumçu ABŞ klubunun heyətində 9 oyunda meydana çıxıb və 5 qol vurub. O, bu qarşılaşmaların 4-də start heyətində yer alıb.
Futbolçu ayrılıq qərarından təəssüfləndiyini gizlətməyib. O, klubda qalmaq istədiyini, lakin bəzi qərarların onun nəzarətindən kənarda olduğunu bildirib.
Bakambu komanda yoldaşlarına, məşqçilər heyətinə və azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, karyerası ərzində “Vilyarreal”, “Marsel”, “Olimpiakos”, “Qalatasaray” və “Real Betis” kimi klublarda çıxış etmiş hücumçunun növbəti ünvanı hələlik məlum deyil.













