Mövqeyimiz yaxşıdır. 7 tur idi uduzmurduq. Komandamla, uşaqlarla fəxr edirəm. İnanıram ki, belə də davam edəcəyik.
“Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədov “Neftçi” ilə oyundan danışıb. Matc.az xəbər verir ki, futbolçu Misli Premyer Liqasının 11-ci turunda 0:1 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
O, komandasının çıxışını dəyərləndirib:
“Çox yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, “Neftçi” liderdir və buna uyğun da hazırlaşmışdıq. Rəqib üzərimizə çox gəlirdi. Qələbə qazanmaq istəyirdilər. Buna baxmayaraq, yaxşı oynadıq. Komanda şəklində əlimizdən gələni etdik. Epizodlarımız da oldu. Düzdür, “Neftçi”nin şansı daha çox idi. Nəticədə də qalib gəldilər. “Neftçi”ni təbrik edirəm. Biz də komanda şəklində pis mübarizə aparmadıq.
Mövqeyimiz yaxşıdır. 7 tur idi uduzmurduq. Komandamla, uşaqlarla fəxr edirəm. İnanıram ki, belə də davam edəcəyik.
Açığı, çempionluq, yaxud avrokuboklar iddiamız yoxdur. Real yanaşmalıyıq. Amma belə bir şans yaransa, niyə də bundan yararlanmayaq? Ümumilikdə isə mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Əlimizdən gələni edirik ki, turnir cədvəlinin aşağısında olmayaq.
“Neftçi” ilə oyunda hər iki komandanın möhtəşəm azarkeşləri var idi. “Kəpəz” fanatlarının dəstəyini hiss edirdik, azarkeşlərin səsini eşidirdik. Hər zamankı kimi möhtəşəm idilər.
“Qarabağ”la aramızda xal fərqi azdır. Evdə oynayacağıq və bu, bizim üçün üstünlükdür. Azarkeşlərimiz önündə çıxış edəcəyik. Ciddi hazırlaşıb, qələbə qazanmağa çalışacağıq”.












