31 İyul 2025, 12:25
FUTBOL
"Cavab qarşılaşması olduqca gərgin və dramatik keçdi. Rəqib komandaya qarşı mübarizə aparmaq heç də asan olmadı, lakin oyunun tempindən və həyəcanından zövq aldıq"
“Komandaya yeni qatılan futbolçuların hər biri öz sahəsində kifayət qədər təcrübəyə malik olan oyunçulardır. Hesab edirəm ki, onların uyğunlaşma prosesi uzun sürməyəcək. Çünki artıq ilkin mərhələdə özlərini komandaya uyğunlaşdırmağı bacarıblar, baş məşqçinin oyun fəlsəfəsini və klubun ümumi prinsiplərini anlayıblar. Zaman keçdikcə bu uyğunlaşma daha da möhkəmlənəcək və onlar kollektivə tam mənada faydalı olacaqlar. Əminəm ki, hər biri yaxın vaxtlarda meydanda daha inamlı və effektiv çıxış edəcək”. Matc.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın üzvü Bəhlul Mustafazadə bildirib.
28 yaşlı müdafiəçi “Şelburn” üzərində əldə edilən uğura da toxunub: “Cavab qarşılaşması olduqca gərgin və dramatik keçdi. Rəqib komandaya qarşı mübarizə aparmaq heç də asan olmadı, lakin oyunun tempindən və həyəcanından zövq aldıq. Nəticədə növbəti mərhələyə vəsiqə qazandıq və bu, bizi olduqca sevindirir. Qarşıdakı görüşlərdə də eyni ruh və istəklə çıxış etməyə çalışacağıq. Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə adlamaqdır. Bu məqsədə çatmaq üçün bütün kollektiv olaraq əzmlə və fədakarlıqla çalışırıq. Bu potensial bizdə var və biz bunu sübut etməyə hazırıq. Kənardan deyilən tənqidlərə və fikirlərə aludə olmadan diqqətimizi yalnız öz oyunumuzun inkişafına yönəldəcəyik. Komanda olaraq gücümüzü və iradəmizi meydanda nümayiş etdirəcəyik”. futbolinfo.az