"Mançester Yunayted" "Bornmut"un yarımmüdafiəçisi Aleks Skottun xidmətində maraqlıdır. İngiltərəli futbolçunun keçidi üçün "qırmızı şeytanlar" 40 milyon funt-sterlinq (47 milyon avro) təklif etməyə hazır olsalar da, "albalılar" 22 yaşlı oyunçuya 70 milyon funt-sterlinqdən (82 milyon avro) baha qiymət qoyub.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Bildirilir ki, "Mançester Yunayted" rəhbərliyi "Bornmut"un tələb etdiyi məbləğin həddindən artıq yüksək olduğunu düşünür və alternativ variantlar axtarır.
Yarımmüdafiəçini "Arsenal" klubunun da transfer edə biləcəyi vurğulanır.
Ötən mövsüm Skott bütün turnirlərdə 39 matçda iştirak edib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avro təşkil edir.













