Braziliya Futbol Konfederasiyasının (CBF) rəhbəri Samir Xaoud FİFA prezidenti Canni İnfantino ilə görüşündə 2029-cu ildə klublararası dünya çempionatının ölkədə keçirilməsində maraqlı olduğunu bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı CBF-nin mətbuat xidməti paylaşıb.
"Hər şey giriş söhbəti ilə başladı."CBF-nin rəhbəri kimi məqsədlərimdən danışdım və dedim ki, biz FİFA-ya daha da yaxınlaşmaq istəyirik. ABŞ-da keçirilən tədbirin yüksək səviyyədə olduğunu, Braziliya klublarının səviyyəsini qeyd etdim və növbəti turnirin Braziliyada keçirilməsini təklif etdim. Canni İnfantino çox sevindi və bunun tamamilə mümkün olduğunu dedi. İndi bunun reallaşması üçün çalışacağıq. Bu, böyük hədəf olacaq", - Xaoud bildirib.
2029-cu ildə keçiriləcək klublararası dünya çempionatına ev sahibliyi etməkdə maraqlı olan digər ölkə Avstraliyadır. Yerli federasiya 2023-cü ildə qadınlar arasında dünya çempionatına uğurla ev sahibliyi etdikdən sonra turnirin təşkili üçün müraciət etmək niyyətindədir. Lakin İnfantino yarışın gələcək ev sahibi ölkəsinin müəyyənləşdirilməsinin təfərrüatlarını hələlik açıqlamayıb.
Qeyd edək ki, 2025-ci ildə klublararası dünya çempionatı ilk dəfə olaraq dəyişdirilmiş formatda ABŞ-da keçirilir. Turnirə iyulun 13-də yekun vurulacaq.