“Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov Rusiyanın “Sport-Ekspress” nəşrinə müsahibə verib. O, Vasili Berezutski ilə necə çalışdıqlarından və rusiyalı mütəxəssisin komandadan ayrılmasından danışıb.

– Vasili Berezutski sizdən əvvəl “Şanxay Şenhua”da Leonid Slutskiyə kömək edirdi. Müstəqil məşqçi kimi ilk işi olan mütəxəssisi niyə seçdiniz?
– Komandamızda əvvəllər Vasya ilə işləmiş analitik var idi. O, diqqətimizi Vasilyə yönəltdi. Biz həmişə gənc məşqçilərlə işləmək istəmişik, çünki müasir futbol baxışının tərəfdarı olmuşuq və bu gün də belə qalırıq.

– Berezutski ilə müqavilə bağlayarkən Yuri Syomin kimi təcrübəli rusiyalı mütəxəssislərdən kiminləsə məsləhətləşmişdiniz? Məsələn, Azərbaycanda da çalışmış Syominlə?
– Yuri Pavloviçə böyük hörmətimiz var. Onunla böyük maraq və məmnuniyyətlə söhbət edərdim. O, ölkəmizdə, “Qəbələ”də çalışıb və Azərbaycan futbolunda nəzərəçarpacaq iz qoyub. Amma konkret Berezutski namizədliyi ilə bağlı onunla məsləhətləşməmişik. Bununla belə, Vasilini yaxşı tanıyan başqa mütəxəssislərlə söhbət etmişdik. Berezutski haqqında müxtəlif insanlardan aldığımız rəylər isə yalnız müsbət idi. Hamı onun çox zəhmətkeş olduğunu deyirdi. Biz onunla əlaqə saxladıq və hava limanında görüşdük. O, Çinə uçurdu, İstanbulda uzun müddətli tranziti var idi. Orada söhbət edə-edə, yəqin ki, beş saat keçirdik.

– Müqaviləni elə hava limanında imzaladınız?
– Xeyr, orada sadəcə bir-birimizi daha yaxından tanıdıq. Və yəqin ki, bundan sonra birlikdə yolumuza davam edə biləcəyimizi anladıq.

– Onu Slutskiyə köməkçilikdən ayrılmağa razı salmaq çətin idi?
– Mənə elə gəlir ki, burada ən vacib məqam Vasilinin özü sərbəst fəaliyyətə başlamaq istəyində idi. Biz isə öz növbəmizdə belə düşünürdük: əgər o, “Ural”a və ya başqa bir Rusiya klubuna getsəydi və orada nəticə göstərsəydi, “Sabah” artıq onu özünə cəlb edə bilməzdi. O, sadəcə bizim klubumuza gəlməzdi. Bu, bir qədər mərcə bənzəyən, riskli addım idi. Amma yanılmadıq, çünki Berezutski qısa müddət ərzində nəticə verdi.

– Onun müstəqil məşqçilik təcrübəsinin olmaması özünü göstərirdi?
– Biz bunu hiss etmədik. Axı o, təkcə böyük futbolçu olmayıb, uzun illər ikinci məşqçi kimi də çalışıb. Onun xarakterinin ən mühüm xüsusiyyətlərindən biri özünəməxsus pozitiv yumor hissidir. Bu, çox vaxt kömək edirdi.

– Bəs onun xarakterinin özünəməxsusluğu nədə idi?
– Həm Vasili, həm də Murad Musayev öz mövqeyi olan, fikirlərindən döndərilməsi çox çətin insanlardır. “Sabah”da isə həmişə belə qaydalarımız olub: məşqçinin işinə heç vaxt müdaxilə etmirdik. Kimin oynamalı, kimin oynamamalı olduğu müzakirə olunmurdu və olunmayacaq da. Yalnız oyundan sonra onunla söhbət zamanı bu və ya digər futbolçunun hərəkətlərinə toxuna bilərdik. Burada “özünəməxsus” sözü heç bir mənfi məna daşımır. Əksinə, daha çox müsbət mənada işlədilir. Hər şey sadə idi, biz eyni dildə danışırdıq. Bizim yaxşı iş prosesimiz vardı. Vasilinin yanında güclü məşqçi heyəti var idi. Mən artıq danışdığım kimi, “Krasnodar”ın keçmiş qapıçılar məşqçisi Antonyuk da gəldi. O da bizim üçün çox əhəmiyyətli insana çevrildi. Murad da onu öz məşqçi heyətinə dəvət etmək istəyirdi, amma həmin vaxt Antonyuk bundan imtina etmişdi. Sonradan isə gəldi. Berezutski ayrıldıqdan sonra da Antonyuk bir müddət bizimlə işləməyə davam etdi. “Soçi”dən təklif alanda onu buraxdıq. İndiyədək dostluq münasibətlərimiz davam edir.

– Berezutski kuboku qazandı, amma həmin yay “Sabah”dan ayrıldı və onun yerinə Dambrauskas təyin edildi. Hər iki qərarı niyə qəbul etdiniz?
– Vasili şəxsi səbəblərə görə ayrıldı və bu barədə mənə mövsümün sonundan xeyli əvvəl xəbər vermişdi. Artıq komandanın kubokun finalını qazanıb-qazanmayacağının heç bir əhəmiyyəti yox idi. O, hər halda bundan sonra işləyə bilməyəcəkdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest