“Bavariya”nın məşqçilər heyətinin üzvü Aaron Danks UEFA Çempionlar Liqasının IV turunda “Atletiko” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib. Matc.az xəbər verir ki, Vensan Kompaninin yoxluğunda komandanı meydana çıxaran ingiltərəli mütəxəssis futbolçuların oyunundan razı qaldığını bildirib:

“Komandanın performansından çox məmnunam. Qapımızı toxunulmaz saxlamaq üçün müdafiədə göstərdiyimiz oyun və hücumda yaratdığımız imkanlardan maksimum yararlanmağımız çox yaxşı idi. Bu, kollektivin möhtəşəm çıxışı idi”.

Danks gənc futbolçu Lennart Karlın oyununu da xüsusi qeyd edib:

“Onun ətrafında çox söhbət gedirdi, lakin gənc yaşına baxmayaraq, Karl psixoloji cəhətdən güclü olduğunu göstərdi. Özünə çox inanır və bu gün qapıçının üzərindən topu aşıraraq gözəl qol vurdu. Həm ondan, həm də bütün komandadan razıyam”.

İngiltərəli mütəxəssis ayrı-ayrı futbolçuları fərqləndirməyin çətin olduğunu, çünki qələbənin bütün komandanın birgə səyi ilə əldə edildiyini deyib.

Qeyd edək ki, “Bavariya” UEFA Çempionlar Liqasının IV turunda səfərdə “Atletiko”nu 2:0 hesabı ilə məğlub edib. Münhen klubunun qollarını Lennart Karl və Konrad Laymer vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest