“Düşünürəm ki, yaxşı oynadıq. Möhtəşəm atmosferə baxmayaraq, öz oyunumuzu ortaya qoya bildik. Bir neçə perspektivli qol imkanımız oldu. Təəssüf ki, “Qalatasaray” iki qol vurdu. Bu, bizim üçün ağrılı nəticədir. Belə olmasını istəməzdik”. Matc.az xəbər verir ki, bunu “Ştutqart”ın baş məşqçisi Sebastyan Hönes deyib.
UEFA Çempionlar Liqasının IV turunda “Qalatasaray”a 0:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirən almaniyalı mütəxəssis komandasının İstanbulda yaxşı çıxış etdiyini, lakin yaratdığı qol imkanlarından yararlana bilmədiyini bildirib.
Baş məşqçi ikinci hissədə hesabı dəyişmək üçün çox çalışdıqlarını, lakin hücumların nəticəsiz qaldığını vurğulayıb:
“Rəqibin hesabda bu qədər erkən önə keçməsi bizim üçün yaxşı olmadı. Hücumda təhlükəli vəziyyətlər yaratdıq, özümüz də hücumlar təşkil etdik, lakin onları nəticəyə çevirə bilmədik. İkinci hissədə oyunun gedişatını dəyişmək üçün çoxlu imkanımız yarandı, amma qol vura bilmədik. Təzyiq göstərirdik, ancaq qol olmayanda bunun faydası olmur. Nəticədən razı deyilik. Hazırda qarışıq hisslər keçirirəm”.
Hönes məğlubiyyətin əsas səbəbini ilk hissədə buraxılan qollarla izah edib:
“İlk hissədə iki qol buraxmağımız oyunun taleyini həll etdi. Həmin epizodlarda müdafiədə yaxşı çıxış edə bilmədik. Bu, matçın həlledici anı və bizim ən zəif olduğumuz məqam idi. Bir qol vursaydıq, bu dəfə bizi tərifləyəcəkdilər”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının IV turunda “Qalatasaray” doğma meydanda “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edib.












_1793787088.jpg)
