04 Noyabr 2026, 11:54
FUTBOL
"Sakit qalıb ötürmələrlə oynadığımız və rəqibin təzyiqindən pasla çıxdığımız anlarda xüsusilə ilk hissədə daha yaxşı görünürdük. Fasiləyə daha böyük hesabla gedə bilərdik"
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının IV turunda “Ştutqart” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib. Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis oyunun gözlədikləri ssenari ilə keçdiyini deyib:
“Görüşdə hər iki komandanın çoxsaylı qol imkanları oldu. Sakit qalıb ötürmələrlə oynadığımız və rəqibin təzyiqindən pasla çıxdığımız anlarda xüsusilə ilk hissədə daha yaxşı görünürdük. Fasiləyə daha böyük hesabla gedə bilərdik. Lakin oyunun əvvəlində qol buraxıb geridə də qala bilərdik. 2:0-dan sonra üçüncü qolu vurmaq imkanlarımız da var idi. Statistikaya baxsaq, komandaların bir-birinə yaxın olduğunu görərik. Qələbə qazanmaq və bu oyundan üç xalla ayrılmaq bizim üçün çox vacib idi”.
Baş məşqçi qazanılan üç xalın turnir cədvəlindəki əhəmiyyətini də vurğulayıb: “2:0 hesabı ilə qalib gəldik və qapımızı qoruduq. Üç xal qazanmaqla yanaşı, qol fərqimizi də yaxşılaşdırdıq. Növbəti mərhələyə yüksəlmək hədəfimiz baxımından bu qələbə çox vacib idi. Məqsədimiz daha da irəli getməkdir”.
Qeyd edək ki, “Qalatasaray” UEFA Çempionlar Liqasının IV turunda “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edib.












_1793787088.jpg)
