Qadın voleybolçular arasında CEV Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan “Turan” klubu səfərdə Bolqarıstanın “Maritsa” kollektivini 3:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, Plovdiv şəhərində keçirilən qarşılaşmada Tovuz təmsilçisi setlərdə 25:22, 25:22 və 25:20 hesabı ilə qalib gəlib.
Görüşdən sonra “Maritsa”nın baş məşqçisi Kristian İliyev komandasının məğlubiyyətini şərh edib. O, rəqibin mərkəz hücumçularının effektiv oyununu xüsusi qeyd edib.
“Rəqib mərkəzdən hücumlarda həqiqətən çox effektiv oynadı. Biz buna cavab verə bilmədik. Digər tərəfdən, yaxşı servis etdik və kənar hücumçularımız kifayət qədər effektiv çıxış etdilər. Gördük ki, çox güclü rəqibdən o qədər də geri qalmırıq və səfərdə yaxşı nəticə qazanmaq üçün böyük şansımız var”- deyə, İliyev bildirib.
Baş məşqçi həlledici məqamlarda təcrübə amilinin özünü göstərdiyini vurğulayıb:
“Belə oyunlarda, xüsusilə setlərin 20-ci xaldan sonrakı mərhələsində təcrübə böyük rol oynayır. Biz həmin anlarda kifayət qədər dəqiq qərarlar verə bilmədik, rəqib isə bunu bacardı. Cavab görüşünə yüksək motivasiya ilə yollanacağıq. Qalib gəlmək və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qarşılaşmanın statistik göstəricilərinə əsasən, “Maritsa”nın ən məhsuldar voleybolçusu Aleksandra Kitipova olub. O, 20 xal toplayıb. Elena Beçeva 15, Ana Peyçiç isə 9 xalla yadda qalıb.
“Turan”ın heyətində Çin millisinin üzvü Yanq Hanyu 15 xalla komandasının ən məhsuldar oyunçusu olub. Elizaveta Ruban və Cənubi Koreya təmsilçisi Li Ce Yonq isə hərəyə 13 xal qazanıblar.
Hücumların effektivliyində də Azərbaycan klubu üstün olub. “Turan” hücumların 48 faizini xalla tamamladığı halda, “Maritsa”da bu göstərici 39 faiz təşkil edib.
Komandalar arasında cavab qarşılaşması noyabrın 10-da Tovuzda keçiriləcək.








_1793787088.jpg)




