Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Toral Bayramovun müsahibəsi
- Karyeranızda ilk dəfə legioner həyatı yaşayırsınız. Türkiyə futboluna, yeni komandaya və fərqli mühitə uyğunlaşmaq baxımından ilk aylar sizin üçün necə keçir?
- Futbol baxımından fərqli bir liqadır, amma mühitə uyğunlaşmaq o qədər də çətin olmadı. Hər şey gözlədiyim kimi gedir, yəni yaxşıdır. Daha da yaxşı olması üçün çalışıram.
- Mövsümün əvvəlində istədiyiniz qədər forma şansı əldə edə bilmirdiniz. Bu müddətdə əsas çətinlik nə idi? Baş məşqçinin etimadını qazanmaq üçün nələri dəyişməli oldunuz?
- Bildiyiniz kimi, futbolçu karyeramda daha əvvəl yalnız "Qarabağ"da çıxış etmişəm. İlk vaxtlar sistemə alışmaq, fərqli istəklərlə ayaqlaşmaq bir az çətin oldu. Amma indi özümü hazır hiss edirəm. Məşqçinin etimadını qazanmaq, inkişaf etmək, daim irəli getmək üçün fərdi çalışıram. Bəlkə də hardasa bu da mənə kömək oldu.
- "Bandırmaspor"u məğlub etdiyiniz (3:0) son matçda 90 dəqiqə meydanda oldunuz və məhsuldar ötürmə ilə yadda qaldınız. Bu matçı sizin üçün bir dönüş nöqtəsi hesab etmək olar?
- İlk dəfədir 90 dəqiqə meydanda idim. Çox şükür, hər şey yaxşı alındı və qol ötürməsinin müəllifi oldum. Amma bilirəm ki, daha yaxşısını edə bilərəm.
- Nəhayət, məşqçilər korpusuna istədiyiniz mesajı verə bildiniz?
- Məşqçilərin heç biri ilə problemim yoxdur. Bizim vəzifəmiz meydanda işimizi görməkdir. Məşqçilər nə tapşırıq versə, onu edirik.
- Türkiyədə futbolun atmosferi, azarkeşlərin komandaya münasibəti və rəqabət Azərbaycandan nə ilə fərqlənir? "Bursaspor" kimi böyük azarkeş kütləsinə malik klubda oynamaq əlavə təzyiq yaradır?
- Azarkeşlərimiz, sadəcə, inanılmazdır. Hər oyunda - evdə və səfərdə bizimlə bərabərdirlər. Biz meydanda, onlar tribunada üzərinə düşəni layiqincə edir. İnşallah, Azərbaycanda da oyunlar, tribunalar hər zaman dolu olar. Futbol azarkeşlərlə gözəldir.
- "Sabah" bu gecə UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçin "Vikinq" klubu ilə üz-üzə gələcək. Bu oyun haqqında fikirləriniz maraqlıdır.
- "Sabah"ın turnirdəki bütün oyunlarını izləyirəm. Baxımlı futbol sərgiləyirlər. Öz oyun üslubları var. Rəqibin kimliyindən asılı olmayaraq, oyunlarından əl çəkmirlər. İnşallah, bu səfərdən qalibiyyətlə qayıdarlar, buna inanıram.
- "Qarabağ"da çıxış edərkən Norveçin digər komandası "Budyo-Qlimt"ə baxımlı qol vurmuşdunuz. Həmin anı necə xatırlayırsınız?
- Düşünürəm ki, bu, karyeramda vurduğum ən vacib və ən gözəl qolumdur. Ümidvaram ki, belə qollar vurmağa davam edəcəyəm (Report).













