Prezident İlham Əliyev noyabrın 7-də əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi Şəhər Stadionunun açılışında iştirak edib. Matc.az xəbər verir ki, dövlət başçısına stadionda yaradılmış şərait barədə gənclər və idman naziri Fərid Qayıbov məlumat verib.
1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə Xankəndi şəhərinin işğaldan azad olunmasından sonra əsaslı şəkildə yenidən qurulub. UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılan arenanın ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb.
Stadionun ümumi tamaşaçı tutumu 8554 nəfərdir. Oturacaqlardan 8214-ü standart, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.
Ölçüləri 105x68 metr olan futbol meydançasının örtüyü sünidir. Meydançanın ətrafında isə müxtəlif məsafələrə qaçış, maneələrlə qaçış, uzununa tullanma və digər atletika növləri üçün zonalar yaradılıb.
Arenada futbolçular, məşqçilər, hakimlər və texniki heyət üçün otaqlar, media nümayəndələri üçün şərait, konfrans zalı və tibb məntəqəsi də fəaliyyət göstərəcək.
Xankəndi Şəhər Stadionunun yenidən qurulması işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələrdən biridir.
Qeyd edək ki, Azərbaycan beynəlxalq futbol yarışlarına ev sahibliyi etməyə davam edir. Ölkəmizdə ilk dəfə təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalından sonra 2027-ci ildə FIFA U-20 dünya çempionatının da Azərbaycanda keçirilməsi nəzərdə tutulub.













