2030-cu il futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi məkan ətrafında müzakirələr getdikcə gərginləşir. İspaniyada müxalifət liderinin səsləndirdiyi açıqlama bu məsələyə yeni siyasi çalar qatıb. Matc.az xəbər verir ki, İspaniyanın Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo final qarşılaşmasının Mərakeşdə keçirilməsi qərarının qəbul olunacağı təqdirdə ölkəsinin mundiala ev sahibliyindən imtina etməsini mümkün hesab etdiyini bildirib.

Siyasətçinin sözlərinə görə, belə bir qərar verilərsə, İspaniyanın turnirin təşkilində iştirakını yenidən nəzərdən keçirməsi gündəmə gələ bilər.

Qeyd edək ki, 2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş birgə ev sahibliyi edəcək. Turnirin ilk üç qarşılaşmasının isə mundialın 100 illiyi münasibətilə Uruqvay, Argentina və Paraqvayda keçirilməsi nəzərdə tutulur.

Finalın hansı ölkədə təşkil ediləcəyi ilə bağlı müzakirələr isə hələ də davam edir. Mərakeş bu oyuna ev sahibliyi etmək istəyən əsas namizədlərdən biri hesab olunur.

Beləliklə, mundiala hələ dörd il qalmış finalın məkanı uğrunda rəqabət artıq futbol meydanlarından kənara çıxaraq siyasi müstəviyə də keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest