“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının XI turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az müsahibəni təqdim edir:
– Oyunla bağlı nə deyə bilərsiniz?
– Əlbəttə, məğlubiyyətə görə təəssüflənirik. Məqsədimiz qələbə qazanmaq idi. Düzdür, bizi asan oyunun gözləmədiyini bilirdik. Çünki “Turan Tovuz” son vaxtlar yaxşı formadadır. “Zirə” və “Sabah”a qalib gəlmiş, “Neftçi” ilə heç-heçə etmişdilər. Yəni çətin qarşılaşma olacağını gözləyirdik. Buna baxmayaraq, qələbə qazanacağımıza inanırdıq. Təəssüf ki, istəyimizə çata bilmədik.
– “Qarabağ” artıq üç oyundur qol vura bilmir. Bunun səbəbini nədə görürsünüz?
– Səbəbini dəqiq deyə bilmərəm. Qol vura bilmiriksə, deməli, nələrsə çatışmır. Məşqçilərimiz oyunları təhlil edirlər. İnanıram ki, növbəti matçlarda fərqlənə biləcəyik.
– Son zamanlar əvvəlki qədər oyun şansı qazanmırsınız...
– Mən hər zaman öz üzərimdə çalışıram. Məşqlərdə əlimdən gələni edirəm.
– “Qarabağ”ın hədəfləri dəyişməyib?
– Xeyr, hədəfimiz çempion olmaqdır. Düzdür, son xal itkiləri işimizi çətinləşdirib. Lakin sona qədər mübarizə aparacağıq və məqsədimizdən əl çəkməyəcəyik.
– Ümumiyyətlə, uğursuzluğun səbəbini konkret nədə görürsünüz?
– Əvvəldən çempionatın gərgin keçəcəyi bəlli idi. İddialı komandaların sayı artıb, rəqiblər güclüdür. Buna baxmayaraq, çalışacağıq ki, mövcud vəziyyətdən çıxaq.
– Növbəti turda səfərdə “Kəpəz”in qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
– Məqsədimiz qələbə qazanmaqdır. Hər nə qədər çətin vəziyyətə düşsək də, hədəflərimiz dəyişmir. Futbolda belə hallar olur, bəzən nələrsə çatışmır. İnanıram ki, növbəti oyunlarda istəyimizə çatacağıq. (qol.az)













