AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Premyer Liqanın X turunda qeydə alınan pozuntulara baxılıb və bir sıra klublara maliyyə sanksiyaları tətbiq edilib.
“Turan Tovuz” – “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibi 2500 manat cərimələnib. Həmin matçda beş futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat ödəyəcək.
“Qəbələ” “Qarabağ”la oyunda “Zona 1” ərazisində kənar şəxslərin olmasına görə 1000 manat cərimə edilib. Eyni görüşdə “Qarabağ” futbolçusu Zakaria Savonun formasında soyadın yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün 1500 manat ödəməli olacaq. Oyun bitdikdən sonra azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə “Qarabağ” daha 3000 manat cərimələnib.
“Şamaxı” “Neftçi” ilə matçın fasiləsində meydançaya kənar şəxslərin daxil olması səbəbindən 2500 manat cərimə olunub. “Neftçi” isə klubun fotoqrafı tərəfindən Əsasnamənin tələblərinin pozulmasına görə 500 manat ödəyəcək.
“Şəfa” “Sumqayıt”la oyunda beş futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib.













