İtaliyanın “İnter” klubunda çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu Türkiyə nəhənglərinin transfer hədəfinə çevrilib. Matc.az xəbər verir ki, “Qalatasaray” və “Fənərbağça” təcrübəli yarımmüdafiəçinin vəziyyətini yaxından izləyir.
İtaliyanın “La Stampa” nəşrinin məlumatına görə, hər iki klub futbolçunun “İnter”lə müqaviləsinin uzadılması istiqamətində aparılan danışıqların nəticəsini gözləyir. Tərəflər razılığa gələ bilməsələr, İstanbul təmsilçilərinin Hakanı heyətinə qatmaq üçün hərəkətə keçə biləcəyi bildirilir.
32 yaşlı futbolçunun əsas istəyinin karyerasını “İnter”də davam etdirmək olduğu qeyd olunur. Türkiyə millisinin üzvü illik təxminən 6 milyon avro xalis maaşının qorunmasını və ən azı ikiillik yeni müqavilə imzalanmasını istəyir.
Milano klubu isə futbolçunun yaşı və son iki mövsümdə yaşadığı zədələri nəzərə alaraq məsələyə ehtiyatla yanaşır.
Hakan Çalhanoğlu ilə “Yuventus” və “Komo” klublarının da maraqlandığı iddia edilir.
Qeyd edək ki, Türkiyəli yarımmüdafiəçinin “İnter”lə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır. O, bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxaraq 3 qol vurub.













