"İstənilən halda, iki xal itirdiyimizi düşünürəm. Mən hər oyunda qalib gəlmək istəyirəm"

Premyer Liqanın 9-cu turunda "Turan Tovuz"u qəbul edən "Neftçi" doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb. Matc.az xəbər verir ki, oyun başa çatdıqdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransında təəssüratlarını bölüşüb.
 
Təcrübəli mütəxəssis qarşılaşmanın gedişatından və komandasının performansından danışıb:
"Oyunun gedişatını nəzərə alsaq, nəticədən razı qalıb-qalmadığımı demək mənim üçün çətindir. Matça yaxşı başlamadıq və ilk 20 dəqiqədə rəqib daha təhlükəli oynayırdı. Müdafiəçimizin səhvindən sonra azlıqda qaldıq. Təəccüblü olsa da, bundan sonra daha yaxşı çıxış etməyə başladıq, qol vurub fasiləyə üstünlüklə yollandıq".
 
İkinci hissədə işlərin daha da çətinləşdiyini etiraf edən baş məşqçi taktiki dəyişikliklərə əl atdıqlarını bildirib:
 
"İkinci yarıda çətin olacağını bilirdim, buna görə də beş müdafiəçi ilə oynamağa keçdik. Bütün zonaları bağlaya bildik və vurulan qola qədər rəqibə real imkan vermədik. Balayevə təşəkkür edirəm, o, bizi ikinci qoldan xilas etdi. Bütün bunları nəzərə alsaq, məğlub olmadığımıza sevinə bilərik. Amma istənilən halda, iki xal itirdiyimizi düşünürəm. Mən hər oyunda qalib gəlmək istəyirəm".
 
Vernidub komandanın futbolçusu Riberonun qırmızı vərəqə alması məsələsinə də toxunaraq, oyunçunun sadə epizodda səhvə yol verdiyini qeyd edib: "Futbolçunun belə sadə epizodda niyə o qərarı verdiyini anlamaq çətindir."
 
Baş məşqçi komandanın kapitanı Emin Mahmudovun heyətdə olmama səbəbini də açıqlayıb: "Onun yüngül zədəsi var. Buna görə də Emini hətta oyun üçün iştirak ərizəsinə də daxil etməmişdik."
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest