Madrid “Real” ilə La Liqanın prezidenti Xavyer Tebas arasında gərginlik yeni mərhələyə qədəm qoyub. Matc.az xəbər verir ki, İspaniya Ali İdman Şurası (CSD) Tebasın Madrid klubunun kommunikasiya siyasətini nasist təbliğatı ilə müqayisə edən açıqlamalarını araşdırılması üçün İdman üzrə İnzibati Tribunalına (TAD) göndərib.
Tebasın az öncə səsləndirdiyi fikirlər “Real”ın sərt reaksiyasına səbəb olub. Klub liqa rəhbərinin ifadələrini qəbuledilməz sayır və onun istefasını tələb edib.
İspaniya mətbuatının məlumatına görə, mümkün pozuntu təsdiqlənərsə, Tebas 600,01 avrodan 3 min avroyadək cərimələnə və ya bir aydan iki ilədək vəzifəsindən kənarlaşdırıla bilər.
Qeyd edək ki, hazırda yekun qərar yoxdur. Tebasın cəzalandırılıb-cəzalandırılmayacağı TAD-ın araşdırmasının nəticəsindən asılı olacaq.













