"O, “Barselona”da, mən isə əvvəlcə “Atletiko Madrid”də oynayırdım. Buna baxmayaraq, “Qızıl top”a namizəd kimi belə nəzərdən keçirilmirdik. Necə də böyük ədalətsizlikdir!"

“Real Madrid”, “Atletiko Madrid” və Meksika millisinin keçmiş hücumçusu Uqo Sançes karyerası ərzində heç vaxt “Qızıl top”  mükafatını qazana bilməməsindən məyusluğunu açıq şəkildə ifadə edib. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, meksikalı futbolçu qeyri-avropalı oyunçuların bu mükafat zamanı ayrı-seçkiliyə məruz qaldığını bildirib.

“Mənə “Qızıl buts” təqdim olunanda qeyri-avropalı oyunçuların necə ayrı-seçkiliklə üzləşdiyi müzakirə olunurdu. Dieqo Maradona və mən hər ikimiz Avropada çıxış edirdik. O, “Barselona”da, mən isə əvvəlcə “Atletiko Madrid”də oynayırdım. Buna baxmayaraq, “Qızıl top”a namizəd kimi belə nəzərdən keçirilmirdik. Necə də böyük ədalətsizlikdir!” – deyə Sançes vurğulayıb.

Keçmiş hücumçu bildirib ki, bu problem təkcə onun və Maradonanın başına gəlməyib: “Eyni hal vaxtilə Pele və Alfredo Di Stefanonun da başına gəlmişdi. Onlar dünyanın ən yaxşı futbolçuları hesab olunmalarına baxmayaraq, layiq olduqları qiyməti görmədilər. Hər ikimiz Amerika qitəsini tərk edib Avropaya yollandıq, lakin orada məhz həmin vəziyyətlə üz-üzə qaldıq.”

Sançes sonrakı dövrə də toxunub: “Daha sonra fərqli bir dövr, Kriştiano Ronaldo və Messinin dövrü gəldi. İndi növbə kimindir? Kim seçiləcək? Mbappe. Əslində, o, “Qızıl top”a iddia edənlərdən biridir. Sonda hər şey rəqabətə və qazanılan uğurlara, yəni mükafata kimin həqiqətən layiq olduğuna gəlib çıxır.”

Arayış: “Qızıl top” mükafatı əvvəllər yalnız avropalı futbolçulara verilirdi. 1995-ci ildən etibarən Avropa klubunda çıxış etmək şərtilə istənilən milliyyətdən olan oyunçu namizəd ola bilirdi. 2007-ci ildə bu məhdudiyyət tamamilə ləğv olundu və hazırda istənilən peşəkar futbolçu mükafatı qazana bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest