Şahmat dünyasında növbəti tarixi hadisə yaşanıb. Matc.az xəbər verir ki, İngiltərədə yaşayan Hindistan əsilli 11 yaşlı Bodhana Sivanandan əfsanəvi Yudit Polqarın 1988-ci ildən bəri qoruduğu yaş rekordunu yeniləyib. Gənc istedad qadınlar arasında ən gənc beynəlxalq usta (IM) tituluna yiyələnmək üçün bütün tələbləri yerinə yetirib.
 
Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Qadınlar Şahmat Klubları Kubokunda imza atıb. O, turnirin son turunda isveçli Viktoriya Yohansson üzərində qələbə qazanaraq, beynəlxalq usta titulu üçün tələb olunan üçüncü normanı əldə edib. 11 yaş, 7 ay və 16 günlük şahmatçı bununla 1988-ci ildə 12 yaşında beynəlxalq usta olan Yudit Polqarın rekordunu geridə qoyub.
 
Bodhana Sivanandan son dövrlərdə qazandığı nailiyyətlərlə şahmat ictimaiyyətinin diqqət mərkəzinə düşüb. O, avqustda Böyük Britaniyanın qadınlar arasında şahmat çempionu olub, sentyabrda isə qadın qrossmeyster (WGM) titulunun tələblərini yerinə yetirən ən gənc şahmatçı kimi tarixə düşüb.
 
Gənc şahmatçı beynəlxalq usta tituluna aparan yolda da ardıcıl uğurlar qazanıb. Onun üç tələb olunan normanı cəmi üç ay ərzində əldə etməsi diqqət çəkir.  
 
Qeyd edək ki, beynəlxalq usta titulu həm qadın, həm də kişi şahmatçılara verilən və qrossmeyster titulundan bir pillə aşağıda yerləşən nüfuzlu dərəcədir. Sivanandan ümumi siyahıda da diqqətəlayiq nəticə göstərərək tarixdə bu titula ən gənc yaşda layiq görülən yeddinci şahmatçı olub.
 
Polqar uzun illər qadın şahmatının ən güclü nümayəndəsi kimi tanınıb. İndi isə onun 38 il ərzində qoruduğu yaş rekordunun yenilənməsi Bodhana Sivanandanın gələcək karyerasına marağı daha da artırıb.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest