İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya 9,8 milyon avro məbləğində ödənilməmiş maaşın verilməsi barədə qərardan ölkənin Ali məhkəməsinə şikayət edib.
Matc.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" idman nəşri məlumat yayıb.
Bildirilir ki, klub kassasiya şikayəti verib və məhkəmə baxışının təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən bəri davam edən mübahisədə artıq üçüncü instansiyadır.
2024-cü ilin aprelində arbitraj məhkəməsi portuqaliyalı ulduza tələb olunan 19,6 milyon avro əvəzinə, faizlər və indeksasiya da daxil olmaqla, məbləğin yarısının – 9,8 milyon avronun ödənilməsi barədə qərar çıxarıb. 2026-cı ilin yanvarında Turin məhkəməsi "Yuventus"un etirazlarını rədd edərək bu qərarı qüvvədə saxlayıb. Klub isə israr edir ki, məhkəmə qərarı işin mahiyyətini deyil, yalnız arbitrajın formal tərəflərini yoxlayıb.
Münaqişə COVID-19 pandemiyası dövründə başlayıb. 2021-ci ildə "Yuventus" rəhbərliyi "Ronaldonun kağızı" kimi tanınan sənəd vasitəsilə 19,5 milyon avronun ödənilməsini təxirə salmaq barədə futbolçu ilə razılığa gəlib. Bu məbləğ klubun balansına daxil edilməyib və sözügedən sənəd prezident Andrea Anyelli ilə direktorlar şurasının istefasına səbəb olan "Prizma" təhqiqatı çərçivəsində aparılan axtarış zamanı müsadirə olunub.













