"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Lill"ə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək futbolçuların adlarını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İngiltərə Premyer Liqasında "Lids Yunayted"ə qarşı keçirilən matçda ehtiyat oyunçular skamyasında əyləşmələrinə baxmayaraq, müdafiəçi Pyero İnkapye və Martin Subimendi Fransa təmsilçisinə qarşı dəqiq oynamayacaqlar.
Baş məşqçi "Bu iki futbolçu Fransadakı matçı mütləq buraxacaq. Onları yenidən müayinədən keçirəcəyik və daha ətraflı məlumat əldə edəcəyik" deyib.
Qeyd edək ki, İnkapye "Lids Yunayted"lə son görüşün 80-ci dəqiqəsində meydana daxil olsa da, oyundan sonra onun zədələnmə ehtimalı barədə məlumat yayılıb.
Bundan başqa, belindəki zədədən sonra bərpa prosesini davam etdirən "Arsenal"ın əsas müdafiəçisi Vilyam Saliba da "Lill"ə qarşı meydana çıxa bilməyəcək. İspaniyalı mütəxəssis onun durumu ilə bağlı "O, artıq bir həftədən çoxdur ki, meydançada məşq edir. Yüklənməsinə nəzarət edirik və yəqin ki, bir neçə həftədən sonra əsas komandaya qoşulacaq" sözlərini əlavə edib.
Pyero İnkapye bu mövsüm londonluların heyətində bütün turnirlərdə beş oyun keçirib, Subimendi isə səkkiz matçda meydana çıxaraq bir məhsuldar ötürmə ilə yaddaqalan olub.
Xatırladaq ki, Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Lill" – "Arsenal" qarşılaşması bu gün baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.













