"Mançester Yunayted"in və Niderland millisinin mərkəz müdafiəçisi Matteys de Ligt zədəsini tam sağaldaraq sıraya dönüb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə komandanın baş məşqçisi Maykl Karrik məlumat verib.
Bildirilir ki, mütəxəssis niderlandlı futbolçunun yaşıl meydanlara mərhələli şəkildə qaytarılacağını vurğulayıb: "Onun nə vaxt oynayacağı ilə bağlı tamamilə rahatam. Meydana nə zaman çıxacağı hələ dəqiq deyil. Yoldaşlıq oyununda bir qədər şans qazandı və məşqlərdə fəal iştirak edir. Lakin onun tam formasına qayıtması tədricən baş verməlidir".
Mançester təmsilçisinin rəsmi saytında komandanın sıx oyun qrafiki fonunda de Ligtin qayıdışının olduqca vaxtında reallaşdığı qeyd olunub.
Xatırladaq ki, təcrübəli müdafiəçi belindən əməliyyat olunduğu üçün bir müddət yaşıl meydanlardan uzaq qalmışdı. O, ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qolla yaddaqalıb.













