"Liverpul"un sabiq vingeri Cordan Ayb keçmiş sevgilisini döyməkdə təqsirli bilinib.
Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "Sky News" telekanalı məlumat yayıb.
Bildirilir ki, Kroydon magistratura məhkəməsi həbs cəzasından yayınan 30 yaşlı ingiltərəli futbolçunu 12 aylıq ictimai işlərə, 80 saat ödənişsiz əməyə və 27 günlük reabilitasiya tədbirlərinə məhkum edib. Bundan əlavə, məhkəmə Aybı 764 funt-sterlinq (təxminən 888 avro) məbləğində cərimələyib.
Hadisə ötən ilin dekabrında baş verib. Futbolçunun keçmiş sevgilisi Meyson iddia etdiyi borc pulun qaytarılmasını razılaşdırmaq üçün onunla görüşüb. Bu, tərəflər arasında münaqişəyə səbəb olub və Meyson Aybı narkoman adlandırdıqdan sonra, oyunçu onun qolundan tutaraq saçının bir hissəsini qoparıb. Məhkəmə prosesi zamanı "Liverpul"un sabiq hücumçusu etdiyi əməldən peşman olduğunu bildirib.
Qeyd edək ki, Ayb 2012-2016-cı illərdə mersisaydlıların oyunçusu olub. Bu müddət ərzində o, İngiltərə nəhənginin əsas heyətində 58 matça çıxıb, 4 qol və 7 məhsuldar ötürmə ilə yaddaqalan olub.
Hücumçu əsasən "Birmingem" və "Derbi Kaunti" kimi digər komandalarda icarə əsasında çıxış edib. O, 2016-cı ilin yayında "Bornmut"a transfer olunaraq "Liverpul"u birdəfəlik tərk edib.
Hazırda azad agent olan oyunçunun son klubu Bolqarıstanın "Lokomotiv" komandası olub.













