İttihamlara əsasən, klubun maliyyə hesabatlarında gəlirlərlə bağlı məlumatları düzgün əks etdirmədiyi, sponsorluq müqavilələrinin maliyyə tərəfləri barədə şəffaflıq təmin etmədiyi və Premyer Liqanın apardığı araşdırmalarla bağlı tələblərə əməl etmədiyi iddia olunur.
Dünya futbolunun diqqəti “Mançester Siti” ətrafında baş verən maliyyə qalmaqalına yönəlib. Matc.az xəbər verir ki, klubun maliyyə feyr-pley (FFP) qaydalarını pozması ilə bağlı irəli sürülən ittihamlar üzrə yekun qərar gözləntiləri futbol ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilib. Aparıcı idman nəşrləri və hüquqşünaslar hesab edirlər ki, prosesin nəticələri təkcə İngiltərə nəhənginin deyil, bütövlükdə Premyer Liqanın nüfuzuna, biznes modelinə və brend dəyərinə ciddi təsir göstərə bilər.
“Mançester Siti” 2009–2010-cu illərdən 2022–2023-cü illərədək olan dövrü əhatə edən 115 epizod üzrə qayda pozuntularında ittiham olunur. İttihamlara əsasən, klubun maliyyə hesabatlarında gəlirlərlə bağlı məlumatları düzgün əks etdirmədiyi, sponsorluq müqavilələrinin maliyyə tərəfləri barədə şəffaflıq təmin etmədiyi və Premyer Liqanın apardığı araşdırmalarla bağlı tələblərə əməl etmədiyi iddia olunur.
Klub rəhbərliyi isə bütün ittihamları qəti şəkildə rədd edir. “Mançester Siti” təqsirsizliyini sübut edəcək təkzibolunmaz sənədlərə malik olduğunu bildirərək öz mövqeyini müdafiə edir.
Ekspertlərin fikrincə, klubun təqsirli bilinməsi halında onu ciddi sanksiyalar gözləyə bilər. Mümkün cəzalar arasında turnir cədvəlində xalların silinməsi, Premyer Liqadan kənarlaşdırılma və hətta əvvəlki mövsümlərdə qazanılmış titulların ləğvi kimi presedent yarada biləcək tədbirlər də müzakirə olunur.
Prosesin yekun nəticəsi yalnız “Mançester Siti”nin gələcəyinə deyil, İngiltərə futbolunda maliyyə şəffaflığına və qaydaların tətbiqinə də təsir göstərə bilər. Buna görə də iş üzrə qərar həm klublar, həm də futbolun idarəedici qurumları tərəfindən böyük maraqla gözlənilir.











_1792873270.jpg)

