ABŞ prezidenti Donald Tramp 2026-cı ildə təşkil olunmuş futbol üzrə dünya çempionatının ölkəsinə gətirdiyi nəhəng iqtisadi mənfəətdən danışıb.
Matc.az xəbər verir ki, bu barədə dövlət başçısı özünə məxsus sosial şəbəkə hesabında məlumat yayıb.
ABŞ lideri mötəbər turnirin iqtisadiyyata görünməmiş töhfələr verdiyini qeyd edib: "Amerika turizmi üçün necə də inanılmaz bir yay oldu. Amerikalılar təxminən 300 milyard mil məsafə qət etdilər, milli parklarımız 78 milyon ziyarətçi qəbul etdi, milyonlarla insan isə hava nəqliyyatından istifadə etdi. Təkcə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox gəlir gətirdi və 160 mindən çox iş yerinin açılmasına şərait yaratdı! Səyahət və turizm – iş yerləri, investisiyalar və Amerika şirkətlərinə, yerli icmalara daxil olan milyardlarla dollar deməkdir".
Açıqlamasının davamında bürokratik əngəlləri aradan qaldırdıqlarını vurğulayan Ağ Ev rəhbəri fikirlərini bu sözlərlə tamamlayıb: "Biz bürokratik maneələri aradan qaldırır, aviareys sistemini yeniləyir və ABŞ-ni ziyarət etməyi, burada bizneslə məşğul olmağı daha da asanlaşdırırıq. Birləşmiş Ştatlar biznes üçün açıqdır və ən yaxşısı hələ irəlidədir".
Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək eyni vaxtda üç ölkədə – ABŞ, Kanada və Meksikada keçirilib. ABŞ tərəfi turnirin ümumilikdə 78 matçına ev sahibliyi edib.













