Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç UEFA Millətlər Liqasının payız oyunları üçün komandanın heyətinə cəlb olunacaq.

Matc.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yığmanın baş məşqçisi Slaven Biliç ulduz futbolçunun qərarına münasibət bildirib: "Əlbəttə, Lukanın qərarına hədsiz dərəcədə şadam, çünki hamımız onun həm meydanda, həm də meydandan kənarda Xorvatiya üçün nə ifadə etdiyini və nə demək olduğunu yaxşı bilirik. Xüsusilə şadam ki, 14 ildən sonra biz yenidən birlikdə çalışacağıq və Xorvatiyanın yüksək səviyyəli, uğurlu və dünyanın ən yaxşıları ilə bərabər səviyyəli bir komanda olması üçün güclü istəyi bölüşəcəyik".

Qeyd edək ki, sentyabrın 9-da Modriçin 41 yaşı tamam olacaq, o, 2025-ci ilin yayından İtaliyanın "Milan" klubunda çıxış edir. Buna qədər yarımmüdafiəçi 13 mövsüm ərzində İspaniya "Real"ının şərəfini qoruyub və klub tarixinins ən çox titul qazanan oyunçusu olub. Komanda ilə birlikdə xorvatiyalı altı dəfə Çempionlar Liqasının, beş dəfə klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi olub, dörd dəfə İspaniya çempionatında, iki dəfə ölkə kubokunda və beş dəfə Superkubokda qələbə sevinci yaşayıb. O, 2018-ci ildə "France Football" jurnalının versiyasına görə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatına layiq görülüb.

Karyerası ərzində Modriç İngiltərənin "Tottenhem", Bosniyanın "Zrinski", Xorvatiyanın "Dinamo" və "İnter" komandalarında da çıxış edib. Xorvatiya millisində futbolçunun hesabında 202 matç var ki, bu oyunlarda o, 29 qol vurub və 32 məhsuldar ötürmə edib. Oyunçu dünya çempionatının (2018) və Millətlər Liqasının (2023) gümüş mükafatçısı olub, həmçinin dünya birinciliyinin (2022) bürünc medalını qazanıb. ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatında yarımmüdafiəçi 4 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xorvatiya millisi növbəti beynəlxalq fasilədə Millətlər Liqasında dörd oyun keçirəcək: səfərdə Çexiya (26 sentyabr) və İspaniya (29 sentyabr), doğma meydanda isə İngiltərə (3 oktyabr) və İspaniya (6 oktyabr) yığmaları ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest