Misli Premyer Liqasının XX turunun "İmişli" – "Qarabağ" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Futbolçularıma təşəkkür edirəm, vacib qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm, yaxşı atmosfer var idi. “İmişli”yə uğurlar arzu edirəm.

– Meydançanın durumu komandanın oyununa nə dərəcə təsir etdi?
– Meydança yox idi… Belə meydançada oynamağa necə icazə verilə bilər? Bir neçə gün əvvəl İspaniya La Liqasında meydançanın durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. İrad bildirəndə deyirlər ki, ancaq “Qarabağ”, “Qarabağ”… Buna nə Qurban, nə başqası lazımdır. Belə olmaz. Bu meydançanı görməyə Qurban, “Qarabağ” lazım deyil. Belə meydançada oynamaq olmaz. Zədəsi var, osu var, busu var. Dərindən düşünüb, nəsə etməyə çalışsaq, hər şeyə çıxış yolu tapılar. Nə meydança var, nə temp var. Heç nə də. Burda “Nyukasl”a hazırlaşırsan, gəlib burda oynayırsan. “Nyukasl”la oyuna necə hazılaşaq? Bugünlük məsələ deyil. Burda bütün komandalar şikayət edir. Nəsə etmək olmaz? Oturub gözləyirik ki, oyun nə vaxt bitəcək, zədə olmasın. Futboldan başqa nə desən, var idi.

– Koxalski nə üçün oynamadı? 
– Mikrozədəsi var. Bakıya gedəndən sonra bilinəcək son durumu.

– Əvəzetmələri də zədə ehtimalına görə etdiniz?
– Həm oyunun gedişatına görə, həm də bəzi oyunçuların ağır yüklənməsini istəmədim. Oyun gərgin idi. Belə komandalar futbol oynamağa imkan vermir, əlavə güc sərf edirsən.

– Kadi Borgesin “qırmızı”sı ilə bağlı nə düşünürsünüz, nə baş verdi?
– Deyiləcək söz yoxdur. Futbol mübarizə oyunudur. Rəqib 3 metr boyunca Kadini saxladı. Sonra ani epizodda gəlib “qırmızı” verir. Bilmirəm, görürdülər? Bəlkə də, VAR-dan dedilər. Ya Əliyar dedi, ya da… Onsuz da Əliyar bizim oyunlarda maraqlı qərarlar verir. Yəqin, nədənsə ehtiyat edirlər. Əvvəlki oyunda Bəhlula qırmızı vərəqə verilmədi, çox danışıldı, indi ehtiyat edirlər. İstəmirlər yenə danışılsın. İnanmıram ki, hakimlərin belə meydançada oyun idarə etməyə haqqı var, ya yox. Hansı əsrdə yaşayırıq? Futbolumuz inkişaf etsin deyirik, amma… Başa düşürəm, yeni komandadır, arena yoxdur. Onda Bakıda məşq etməsinlər, burda etsinlər. Niyə burda oynayır, məşqi Bakıda keçirlər? Niyə danışıram? Bəlkə, bu sözlərlə meydançanın durumunun yaxşılaşması üçün nəsə edərlər. Bizim kimdənsə asılacağımız yoxdur, istəyirik ki, normal futbol oynasın. Birbaşa deyirəm, mən bu son iki səfər oyununa 4 oyunun gücünü sərf etdim. “Nyukasl”la oyuna hazır olmayacağıq, bunu indidən deyirəm.

– Arena ilə bağlı iradlarınızı İcraiyyə Komitəsində bildirəcəksiniz? 
– Həmişə iradlarımızı bildiririk. İstəyirik ki, hamının öz stadionu olsun. Bir illik vaxt verilib. Amma belə də etmək olmaz axı, gözləyirlər ki, onsuz bir il var. Lisenziya şöbəsi baxmalı, qərar qəbul etməlidirlər. Stadionu gəzib, baxmışam. Futbolçu qaça bilmir. Güc sərf edir, amma olmur. Düzü, çox məyusam. Son vaxtlarda futbolda bu qədər məyus olmamışdım.

– Son günlər sanki “Qarabağ”a qarşı aqressiya var. “Neftçi” ilə oyunun təxirə salınması da çox danışıldı, sanki “Qarabağ”ın uğurları qısqanılır…
– Bunlar dünya futbolunda da olan şeylərdir. Hansısa komandanın üzərinə çox gedilir, normaldır. Amma inanmıram ki, bizə qarşı nəsə olsun. Hər şeyi normal qarşılayırıq. Onsuz uğuru olan komandaya qarşı mövzu çox olur. Böyük futbola hörmətlə yanaşmaq lazımdır. Azərbaycan olaraq varlı ölkəyik, bu dəqiqə bütün dünyada bizi tanıyırlar, dəyərləndirirlər. Bəzi məsələlər var ki, həll edilməlidir.

– “Nyukasl”la oyuna hazırlıq necə olacaq?
– “Nyukasl”a qarşı necə oynamalıyıq? Bilirik ki, sürətli komandadır, Premyer Liqada oynayırlar, danışmağa ehtiyac yoxdur. Sürətli oynamalıyıq, düşünməliyik. Amma son iki matçımızda heç birini edə bilmədik. Bəlkə də, düşündüyüm 1000 ötürmə idisə, heç 500-ün edə bilmədik. Hər bir halda, təcrübəmiz var. Ancaq heç vaxt belə hazırlıq olmamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest