Ötən həftə peşəkar idmançıya yaraşmayan şəkildə, gecə saat 04:00 radələrində əyləncə məkanında bıçaqlanan “Kəpəz”in üzvü Veysəl Rzayevin müalicəsi davam edir. Xəstəxanadan hələ buraxılmayan futbolçu, güman ki, yanlış addım atdığının fərqindədir. Bu hadisə yəqin ki, onun üçün yaxşı dərs olacaq.
Hadisənin fonunda diqqət çəkən məqam klubun futbolçusuna sahib çıxmamasıdır. Rzayev nə qədər səhv etmiş olsa da, diqqətdən kənarda qalmamalı, “taleyin qismətidir” deyilib taleyin ümidinə buraxılmamalı idi. Lakin “Kəpəz” rəsmiləri, xüsusilə də klub sədrinin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə yenə də fərqli addımı ilə seçilmədi. Faktiki olaraq başsız və rəhbərsiz qalan klub Veysələ sahib çıxmadı.
Futbolçunu ortada tək qoyan rəsmilər - Əlizadə və komandası heç olmasa publikaya hesablanmış addım ataraq xəstəxanada müdafiəçini ziyarət edə, ən yaxşı bacardıqları tərzdə bunu fotolarla ictimaiyyətə təqdim edə bilərdilər. Amma Veysəl xəstəxanada gözlənildiyi kimi tək qaldı.
Halbuki klubun əvvəlki rəhbərliyi oxşar hallarda daim futbolçusunun və azarkeşinin yanında olub. Elə iki il öncə baş verən hadisə buna misaldır. “Səbail”ə qarşı səfər oyununda bıçaqlanan azarkeşi paytaxtda tək qoymayan əvvəlki rəhbərlik fanatın tez bir zamanda xəstəxanaya çatdırılmasını təşkil etmişdi. Klubun sıravi işçilərindən tutmuş Müşahidə Şurasının əksər üzvlərinə, hətta gəncəli millət vəkili Müşfiq Cəfərova qədər hamı gecəni xəstəxanada keçirmiş, yalnız həyati təhlükə sovuşduqdan sonra səhərə yaxın tibb müəssisəsini tərk etmişdi.
Yaralı azarkeş növbəti günlərdə də davamlı olaraq ziyarət olunmuş, müalicə üçün lazım olan xərclər qarşılanmışdı.
Göründüyü kimi, fərq ortadadır. Kimin azarkeşinə və futbolçusuna hansı diqqəti göstərdiyi, necə hörmət bəslədiyi gün kimi aydındır. Hazırkı rəhbərlik kluba və onun üzvlərinə doğma ola bilməyərək ögey ana kimi davranır.
Yeri gəlmişkən, Rzayevin hazırkı durumu yaxşıdır. Bu barədə əməkdaşımıza futbolçunun atası məlumat verib. Onun sözlərinə görə, iki gün sonra övladını xəstəxanadan evə buraxacaqlar.
“Bəs Fərman Əlizadə Veysələ baş çəkib, onun durumu ilə maraqlanıbmı?” sualına cavab olaraq ata Rzayev bildirib ki, şəxsən Əlizadəni tanımır.
Klubdan isə bildirilib ki, Əlizadə indiyədək futbolçuya baş çəkməyib: “O, Gəncəyə bu gün gedəcək.”







_1693390777.png)




_1770808047.jpg)