Bu gün Azərbaycan futbolunda tez-tez səslənən sual var: niyə iş adamları futbola yatırım etmir? Cavab uzaqda deyil. “Turan Tovuz”un timsalında baş verənlər göstərir ki, bu sahəyə maraq göstərən hər kəs ciddi sistem problemləri ilə üz-üzə qalır.
Məsələ təkcə maliyyə ayırmaqla bitmir. Futbola yatırım edən iş adamı mövcud şəraitdə AFFA ilə istədiyi əməkdaşlığı qura bilmədikdə, hakim səhvləri və ya qərarları ilə bağlı ədalətsizlik hissi yarandıqda, kiçik bir büdrəmədə medianın təzyiqi ilə qarşılaşdıqda faktiki olaraq tək qalır. Bununla yanaşı, səbirsiz və hər şeyi dərhal tələb edən, lakin çox zaman kluba real dəstəyi olmayan azarkeş təzyiqi də əlavə olunur.
Problemlər bununla da bitmir. Futbol menecerləri ilə müxtəlif oyunlara girən məşqçilər, kaprizli futbolçular və ən təhlükəlisi - şəxsi maraqlarını klubun mənafeyindən üstün tutan, amma özünü “futbolun inkişafına çalışan” kimi təqdim edən funksionerlər bu mühiti daha da zəhərləyir.
Belə bir şəraitdə həm sistemlə, həm daxili intriqalarla mübarizə aparmaq, həm də nəticə qazanmaq tələb olunur.
İndiki dövrdə Ehtiram Quliyev olmaq həqiqətən çətindi. Dövlət dəstəyi ilə ayaqda qalan klubların fonunda şəxsi biznesindən qazandığını futbola yatırmaq böyük risk, cəsarət və səbir tələb edir. Bu, hər oğulun işi deyil. Çünki burada yalnız maliyyə deyil, əsəb, nüfuz və vaxt da risk altındadı.
Məhz buna görə AFFA indiki həssas mərhələdə hər addımını düşünülmüş şəkildə atmalıdı. Qərarlar maksimum şəffaf və ədalətli olmalı, futbolu sevən və inkişaf üçün çalışan klub rəhbərlərinə qarşı diqqətli yanaşma sərgilənməlidi. Əks halda, mövcud investorları itirmək və potensial yatırımçıları qorxutmaq riski daha da artacaq.
Hələ gec deyil. Amma bu “qaynayan qazanda” sağlam mühit formalaşmasa, Azərbaycan futbolunun inkişafı üçün yarım metr yol belə qət etmək mümkün olmayacaq.
SAMİR












