Beynəlxalq media Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Qarabağ”ın tarixi qələbəsinə böyük təəccüblə reaksiya verib.

Matc.az xəbər verir ki, yeni mövsümünün açılış gecəsində “Benfika”nın “Qarabağ” qarşısında məğlubiyyəti altı oyun arasında diqqətdən yayınmadı. İspaniyanın "Mundo Deportivo" qəzeti vurğulayıb ki, “qartallar” “2:0” hesabı ilə öndə idilər, lakin arxayınlıq onlara baha başa gəldi.

“Benfika"nın işığı tarixi "Qarabağ" qarşısında sönür”) başlıqlı yazıda bildirilir: “Bruno Lajenin komandası öz meydanında və azarkeşləri önündə asan qələbə qazanacağını düşünürdü, amma bayram xoş sonluqla bitmədi”. Məqalədə qeyd olunur ki, hesab 2:0 olduqdan sonra portuqaliyalılar hər şeyi çox asan görüb arxayınlaşdılar. Təzyiqi dayandırdılar və "Qarabağ" oyuna daxil oldu, çünki "qartallar" meydandakı nəzarəti tamamilə itirmişdilər.

İspaniyanın digər nəşri AS isə azərbaycanlıların tarixi nəticəsini belə dəyərləndirib: “Qarabağ”ın Çempionlar Liqasındakı son çıxışı ilə indiki uğuru arasında yeddi il var. O vaxt klub qrup mərhələsində mübarizəni dayandırmış, dörd dəfə uduzmuş və iki dəfə heç-heçə etmişdi, hər ikisi də "Atletiko" ilə. İndi isə Liqa mərhələsinə dönüşdə, 0:2 hesabı ilə geridə olduqları oyunda "Benfika"nı məğlub etməklə böyük uğura imza atdılar və turnirdə ilk qələbələrini qazandılar”.

"Marca" isə “Qarabağ”ın dözümlülüyünü ön plana çıxarıb: “Hər baxımdan geri qalmalarına baxmayaraq, təslim olmadılar”. Yazıda əlavə olunur ki, bu əzm nəticəsində sensasiyalı çevriliş baş verdi: “Portuqaliya və Azərbaycan komandalarının ilk duelində, gözlənilməz şəkildə, üstünlük ikincilərə qismət oldu. Çox az adam bu nəticəyə inanırdı, amma bu, gerçəklik idi”.

Fransanın "L’Équipe" qəzeti isə "Benfika"nın oyununu heyrətlə izləyib: “Benfika"nın çıxışı barədə nə demək olar? Çempionlar Liqasının daimi iştirakçısı olan Lissabon klubu, bu mərhələnin sürpriz qonağı "Qarabağ" tərəfindən yaxalandı”. Məqalədə əlavə olunur: “Sonuncu iştirakından yeddi il sonra, təsnifat mərhələsindən gələn Azərbaycan çempionları bundan daha yaxşı başlanğıc xəyal edə bilməzdilər”.

İngiltərədə "The Athletic" bu gecənin hər iki komandanın yaddaşında qalacağını yazıb. BBC isə “Qarabağ”ın “Da Luş” stadionundakı sevincini ön plana çıxarıb: “Matçın sonunda futbolçular və məşqçilər diz çökərək tarixi qələbəni qeyd etdilər. Bu, Çempionlar Liqasına düşən iz qoyacaq hadisədir, xüsusən də 7 il əvvəl iki heç-heçə və dörd məğlubiyyətlə yekunlaşan turnirdən sonra”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest