Mövsüm sona yaxınlaşdıqca ən çox sual doğuran məqam Misli Premyer Liqasını hansı komandanın tərk edəcəyidi. Finişə 9 tur qalmış bu təhlükəni yaşayan 4 klub var ki, onlardan üçü bölgə təmsilçisidi.
Hələlik autsayder mövqeyində "Səbail"in olmasına baxmayaraq, nədənsə son vaxtlar "Sumqayıt" daha çox gündəmə gətirilir. "Gənclik şəhəri" təmsilçisinin "Sabah" və "Qarabağ"a məğlubiyyəti o qədər şişirdildi ki, sanki rəqiblər çempionluğa oynayan komandalar yox, aşağı liqa təmsilçiləridi.
Bu iki qarşılaşmada ümumilikdə 10 qol buraxmaq da tənqid üçün tutarlı səbəb deyil. Gəlin razılaşaq ki, indiki dövrdə "Sabah"dan 4, "Qarabağ"dan 6 top buraxmaq elitada qalmaq uğrunda yarışan komanda üçün fiasko deyil. Ağdam təmsilçisinin bu mövsüm Premyer Liqada hələ də məğlubiyyətin nə olduğunu bilmədiyini, Avropada kifayət qədər ad-san qazandığını xatırlatmağa gərək yoxdu. Komandanın səviyyəsi qolla ölçülsəydi, məntiqlə "Qarabağ"a 1:7 uduzan "Zirə" və bu komandadan 4 cavabsız top buraxan "Neftçi" turnir cədvəlinin aşağı pillələrində yer almalı idi.
"Sabah"ın isə iddiası, büdcəsi, heyətini "Sumqayıt"la müqayisə etmək yersizdi.
"Kimyaçılar"ın indiyə qədər Azərbaycan futboluna qazandırdıqlarını bir nəfəsdə silib atmaq yəqin ki, haqsızlıq olar. Razılaşaq ki, nə "Səbail", nə də "Şamaxı" "Sumqayıt" qədər futbolumuza töhfə verib.
"Sumqayıt"ın cari mövsümdəki uğursuzluğunu keçid dövrü ilə əlaqələndirmək olar. Aleksey Baqa heç cür potensialını ortaya qoya bilmədi və futbolçu heyətində bir sıra dəyişikliklər oldu. Eyni zamanda, ilk dəfə əcnəbi futbolçu transfer etmək təcrübəsi yaşadılar. Klubu əlinin içi kimi bilən Samir Abasovun öz kollektivini formalaşdırması bir az zaman alacaq. Onun bu mövsümlə bağlı maksimum öhdəliyi komandanı elitada saxlamaqdı. Abasovun məşqçi kimi bacarığı şübhə doğurmur. Hər halda, vaxtilə "Sumqayıt"ı heçdən var edərək təhlükəli rəqibə çevirən, "Neftçi"ni uzun fasilədən sonra çempionluğa daşıyan mütəxəssisdən söhbət gedir.
Samir Abasova vaxt verilsə, "gənclik şəhəri" təmsilçisini yenidən təhlükəli komandaya çevirəcək. Klub prezidenti Riad Rəfiyevin də rəhbər işi ilə yanaşı, futbolçu seçimi ən böyük üstünlüyüdü. Məhz onun vaxtilə Azərbaycana gətirdiyi bir çox oyunçu hazırda çempionatın bir neçə klubunda aparıcı simadı. Bu gün Höccət Haqverdinin "Neftçi"də, Rəhim Sadıxovla Mehdi Cənnətovun "Zirə"də aparıcı oyunçu rolunda çıxış etməsində, Azərbaycan millisinə dəvət olunmasında Rəfiyevin rolu heç də az deyil. Məhdud imkanlarla bu cür potensiallı oyunçuları kəşf etməyi bacaran "Sumqayıt"ın prezidenti növbəti mövsüm üçün də axtarışlarını davam etdirir.
Sumqayıtda olan futbol ənənəsini, baş məşqçi və prezidentin öz sahəsi üzrə bacarığını birləşdirdikdə bu şəhərin hələ uzun illər Premyer Liqada təmsil olunmasının Azərbaycan futboluna daha böyük fayda verəcəyini deməyə əsas verir. Hər halda, indiki məqamda "Səbail" və "Şamaxı" kimi iddiasız, həm meydanda, həm də ondan kənarda nə etdiyini bilməyən komandaların gələn mövsüm Premyer Liqada olmaması çox şeyi dəyişməz.
"Sumqayıt"ın düşüşü isə təkcə bu şəhərə yox, yerli statusda oyunçu axtarışında olan digər Premyer Liqa klublarına, eləcə də milli komandamıza ciddi zərbə olar.