"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu yeni baş məşqçisini açıqlayıb. Matc.az Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb.
 
59 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Qonsales "Olimpiakos"un baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş həmyerlisi Karlos Korberanı əvəz edib.
 
Madrid "Real"ının əfsanəvi futbolçularından olan Miçel, 2013-2015-ci illərdə də "Olimpiakos"da işləyib. O, Pirey təmsilçisini 3 dəfə Yunanıstan çempionu edib.
 
Qonsales son olaraq "Xetafe"ni çalışdırıb. Miçel bundan başqa, "Rayo Valyekano", "Sevilya", "Olimpik" (Marsel), "Malaqa", UNAM (Meksika) komandalarında da işləyib.
 
Xatırladaq ki, "Qarabağ" Avropa Liqasında növbəti oyununu oktyabrın 6-da məhz "Olimpiakos"a qarşı keçirəcək. Bu komandalar arasındakı növbəti görüşü isə bundan bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest