"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 6-cı turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Matçın asan keçməyəcəyini bilirdik. Qələbə üçün əlimizdən gələni etdik. Sevindirici haldır ki, bizim iştirakımızla keçən oyunlar maraqlı alınır. Daha rahat qələbə qazanmaq istəyərdik. Qarşılaşma çox şən başladı. Hər iki qapıda qollar gördük. Yenidən önə keçən tərəf biz olduq. Bundan sonra da qol imkanları oldu. Amma heç bir tərəf fərqlənə bilmədi. Futbolçularım təbrik edirəm. Mövsümün əvvəlidir. İndi yığılan hər bir xal sonda çox dəyərli olacaq".
 
Sarı vərəqə aldığı epizodu da dəyərləndirən baş məşqçi hakimlərin ona sarı vərəqə verməkdən xoşu gəldiyini söyləyib: "Adi bir hərəkətə görə cəzalandırırlar. Artıq buna alışmışam".
 
Sadıqov komandasının antifutbol sərgiləmədiyini vurğulayıb: "Müdafiə olunmaq o demək deyil. Antifutbol odur ki, topu hara gəldi vurursan, 11 futbolçu ilə cərimə meydançasının ətrafına yığışırsan, "11-lik"də çoxlu sayda müdafiəyə meylli oyunçular olur. Amma rəqib hesabda geirdirsə və böyük qüvvə ilə irəli atılırsa, müəyyən dərəcədə ehtiyatlı oynamağa və boşluqlardan istifadə edəsən. Biz də belə etdik. Xüsusi göstəriş yox idi. Bu, rəqibin hücumda daha çox olmasından irəli gəlirdi. Həmin anlarda qol epizodlarımız da oldu. Daha bir qol vursaydıq, oyun daha rahat gedərdi".
 
O, cari çempionatın əvvəlki mövsümlərlə müqayisədə daha ağır keçəcəyini əlavə edib: "Bunu ilk turlardan da görmək olar. Hər bir komanda sonadək mübarizə aparır. Bu gün "Səbail" azlıqda qalmasına baxmayaraq, hesabı bərabərləşdirməyə çalışdı. Bunun özü də mövsümün çətin keçəcəyini göstərir".
 
Baş məşqçi ötən mövsüm olduğu kimi, bu çempionatda da heyətdə çox sayda rotasiyalar etdiyini xatırladıb: "Bu, hər bir futbolçunu tonusda saxlamağa yardım edir. Bu oyunda Sertan Taşkına sağ, Qismət Alıyevə sol cinahda şans verdik. Sertanın bombardir olması bizi bir tərəfdən sevindirir, digər tərəfdən isə məyus edir. çünki hücumçular yox, müdafiəçi fərqlənir. üzərində işləyəcəyik. Futbolçularımız ideal formasını bərpa etdikdən sonra daha çox nəticə verəcəklər".
 
Sadıqov müdafiənin sol cinahı üçün legioner axtardıqlarını etiraf edib: "Sərbəst futbolçu olsa, götürmək istəyərdik. Alınmasa belə, əlimizdəki futbolçuları həmin mövqedə oynada bilərik. Mütləq vəziyyəti düzəltməliyik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest