İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqanın XIV turunda keçirilən “Real Madrid” – “Alaves” (1:2) görüşündə baş hakim Sezar Soto Qrado ilə VAR otağı arasındakı danışığın səs yazısını ictimaiyyətə təqdim edib.
 
Matc.az xəbər verir ki, söhbət qarşılaşmanın 86-cı dəqiqəsində baş verən epizodla bağlıdır. Həmin vaxt “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem rəqibin cərimə meydançasında yerə yıxılıb. Baş hakim əvvəlcə penalti təyin etsə də, VAR müdaxiləsindən sonra monitora yaxınlaşaraq epizodu yenidən izləyib və qərarını dəyişib.
 
Nəticədə penalti ləğv olunub, Bellinqemə isə simulyasiyaya görə sarı vərəqə göstərilib. Bu, ingiltərəli futbolçunun matçda aldığı ikinci sarı vərəqə olduğu üçün meydandan qovulub.
 
RFEF-in yayımladığı səs yazısında hakimlər arasında aşağıdakı dialoq əks olunub:
 
VAR hakimi: “Sezar, penalti qərarını nəzərdən keçirmək və onu ləğv etmək ehtimalını qiymətləndirmək üçün monitora yaxınlaşmağını tövsiyə edirəm. Ekranın qarşısına çatanda mənə xəbər ver”.
 
Sezar Soto Qrado: “Buradayam, buradayam. Göstər”.
 
VAR hakimi: “Diqqətlə bax. “Alaves”in futbolçusu topa toxunur, digər oyunçu isə heç bir təmas olmadan yerə yıxılır. Əlimdəki ən aydın görüntü budur, Sezar”.
 
Sezar Soto Qrado: “Aydındır, “Alaves”in futbolçusu topa oynayır. Bəli, bu, çox aydın görünür. Rəqib futbolçu onunla heç bir təmasda olmadığı halda Bellinqem yerə yıxılır. Penalti qərarını ləğv edirəm və simulyasiyaya görə ona sarı vərəqə göstərirəm”.
 
Yayımlanan səs yazısı Bellinqemin meydandan qovulmasına səbəb olan epizod zamanı baş hakimlə VAR otağı arasında aparılan müzakirənin təfərrüatlarını üzə çıxarıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest