“Neqreyra Liqası” ifadəsi isə “Barselona”nın sabiq hakimlər komitəsi rəsmisi Xose Mariya Enrikes Neqreyra ilə bağlı qalmaqala eyhamdır.

“Real Madrid TV” İspaniya La Liqasının “Alaves”lə oyununun ardından hakim qərarlarına sərt etiraz edib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmanın 86-cı dəqiqəsində Cud Bellingem rəqibin cərimə meydançasında Nikolas Valentini ilə mübarizə zamanı yerə yıxılıb. 
 
Baş hakim Sezar Soto Qrado əvvəlcə penalti təyin etsə də, VAR müdaxiləsindən sonra epizodu monitorda izləyərək qərarını dəyişib. Nəticədə ingiltərəli yarımmüdafiəçiyə simulyasiyaya görə sarı vərəqə göstərilib. Bu, Bellingemin matçda aldığı ikinci sarı vərəqə olduğundan futbolçu meydandan qovulub.
 
“Real Madrid TV”nin aparıcısı hakim qərarını kəskin tənqid edib:
 
“Bu gün bəzi “ekspertlər” VAR-ın baş hakimin ilkin qərarını dəyişdirməklə düzgün addım atdığını və epizodda heç bir təmasın olmadığını iddia edəcəklər. “Neqreyra Liqası”nda qaydalar durmadan dəyişir. Məsələ yalnız “Real Madrid”in hakim qərarına görə məğlub olması deyil. Bu epizod da oyunun təhlilinin bir hissəsidir.
 
Təmas var idi. Bəlkə də cüzi idi, amma təmasın olduğu aydın görünürdü. VAR hakimi Fiqeroa Vaskes – vaxtilə Joze Mourinyonu meydandan qovan hakim – baş hakimi qərarını dəyişməsi üçün dərhal monitora çağırdı. Bizə isə epizodun yalnız bir təkrarı göstərildi.
Bu epizodda penalti təyin olunması üçün əsaslar “Levante” ilə oyunda Lamin Yamalın xeyrinə verilən penaltidən daha aydın idi. Külək “Barselona”nın xeyrinə əsir”.
 
Qeyd edək ki, “Real Madrid TV” son illərdə hakim qərarları ilə bağlı tənqidi mövqeyi ilə tez-tez gündəmə gəlir. “Neqreyra Liqası” ifadəsi isə “Barselona”nın sabiq hakimlər komitəsi rəsmisi Xose Mariya Enrikes Neqreyra ilə bağlı qalmaqala eyhamdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest