“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”yə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, “qartallar” Premyer Liqanın XIII turunda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.

Matçdan sonra keçirilən mətbuat konfransında Sadıqov qarşılaşmanı dəyərləndirib:

“Oyun bizim üçün uğursuz başladı. Həftəboyu hazırlaşarkən rəqibin pressinq tətbiq edəcəyini nəzərə almışdıq. Futbolçulara sadə oynamağı və səhvlərə yol verməməyi tapşırmışdıq. İlk 15-20 dəqiqədə ərazi üstünlüyünü ələ alsaq da, təhlükəli qol epizodları yarada bilmədik. Buna baxmayaraq, üstünlük bizdə idi, rəqib müdafiəyə çəkilmişdi. İkinci hissədə daha sürətli oynamağa başladıq. Futbolçuların çıxışından razı qaldım. Çempionatın favoritlərindən birinə qarşı səfərdə oynayırdıq. “Neftçi”nin səviyyəsini bilirik. Bu şəkildə davam etsək və zədəlilərimiz də geri dönsə, daha güclü olacağıq”.

Baş məşqçi Leqbonun fərqli mövqelərdə çıxış etməsinə də münasibət bildirib:

“Bizdə vinger qıtlığı var. Hazırda bu mövqedə yalnız Eren var. Kris və Smitt perspektivli futbolçulardır. Onları gələcək üçün transfer etmişik. Məcburiyyətdən rotasiyalar edirik. Amin və Qisməti cinah müdafiəçiləri, Leqbo və Ereni isə vinger kimi oynatmağı planlaşdırırıq. Leqbo hücumlarda yaxşı çıxış edirdi. Finlandiyada çoxlu assist etmiş, 14-15 qol vurmuşdu. İkinci hissəni çox yaxşı keçirdik. Bu tip oyunları qazanmaq üçün ön xətdə nəticəni həll edə biləcək futbolçularımız var”.

Sadıqov “Neftçi”nin baş məşqçisi Yuri Vernidubla yaşadığı dialoqa da aydınlıq gətirib:

“Barmaq silkələməyim yadımda deyil. Ona dedim ki, artıq kəlmələr çox danışırsınız. “Neftçi”dəsiniz, bu kluba hörmətimə görə heç nə demirəm. Elə düşünməyin ki, sözüm yoxdur. Ötən oyunda da artıq sözlər demişdi. Sadəcə, “Neftçi”yə hörmət etdiyimiz üçün danışmırıq. Bəzi açıqlamalarını və ifadələrini ona yaraşdırmıram. Fasilədə də yanımdan keçərkən çox danışırdı. Deyəcəyəm, deyəcək ki, sənə demirdim. Amma mənim iki metr yaxınımdan keçirdi. Dedim ki, susmağımın səbəbi var. Çünki “Neftçi”dəsiniz. Bu klubda kim işləsə, ona hörmətlə yanaşacağıq”.

Təcrübəli mütəxəssis oyunun son dəqiqələrində yaranan gərginlikdən və “Neftçi” futbolçularının davranışından da danışıb:

“Qələbəni xüsusi qeyd etmələrini görmədim. Biz də futbolçu olmuşuq. Məğlub olduğun komandaya qarşı növbəti oyunu səbirsizliklə gözləyir, qalib gəlmək istəyirsən. Başa düşürdük ki, “Neftçi” bu gün qalib gəlsə, qış fasiləsinə lider kimi yollana bilərdi. Futbolçularda hörmətsizlik görmədim”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest