“Hər kəsin öz fikrini söyləmək hüququ var. Bu fikirlər həqiqət də ola bilər, yalan da, sadəcə cəfəngiyat da”
Braziliya millisinin sabiq hücumçusu Romario yenidən baş məşqçi Karlo Ançelottini istefaya çağırıb. Matc.az xəbər verir ki, əfsanəvi futbolçu italiyalı mütəxəssisin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Romario daha əvvəl Ançelottiyə sərt şəkildə müraciət etmişdi: “Əşyalarınızı yığın və gedin! Braziliya artıq kifayət qədər biabır olub. Daha bir dünya çempionatında riskə gedə bilmərik. Turnirdən sonra ağlamağın heç bir mənası olmayacaq. İndidən hərəkətə keçmək lazımdır!”
Ançelotti isə buna cavab olaraq Romarionun çox danışdığını bildirmişdi: “Hər kəsin öz fikrini söyləmək hüququ var. Bu fikirlər həqiqət də ola bilər, yalan da, sadəcə cəfəngiyat da”.
Romario bu dəfə sosial şəbəkədə paylaşım edərək italiyalı mütəxəssisə növbəti dəfə sərt cavab verib:
“Ançelottiyə demək istəyirəm ki, mən həqiqətən də çox danışıram. Çünki söhbət milli komandadan gedəndə mənim sözümün çəkisi, nüfuzum və fikir bildirmək haqqım var.
Mən izləyici toplamaq, insanlara xoş görünmək üçün danışmıram. Sadəcə düşündüklərimi deyirəm. Çünki milli komanda mənim üçün biganə qala biləcəyim bir məsələ deyil! Uzun illər bu formanı geyinmişəm və əminəm ki, sarı formanın bütün dünyada hörmət qazanmasına töhfə verən futbolçulardan biri olmuşam.
Sabah Paraqvaya uduzmuş Sinqapurla qarşılaşacağıq. Paraqvaya böyük hörmətim var. Üstəlik, onlar da 2026-cı il dünya çempionatının seçmə mərhələsində bizim qədər xal toplayıblar. Ancaq biz bu səviyyədə futbol oynamağa razı olmamalıyıq.
Siz futbolumuza heç bir yenilik gətirməmisiniz. Bir daha təkrar edirəm: istefa verin! Sizin öhdəsindən gələ bilmədiyiniz işi daha yaxşı yerinə yetirəcək başqa məşqçi taparıq.
Bütün bunları sizə üzbəüz deyirəm. Braziliya Futbol Konfederasiyasının prezidentinə və ya başqa birinə gizli mesajlar göndərmirəm ki, sizi çoxdan vəzifədən uzaqlaşdırmaq lazım idi”.













