17 Noyabr 2026, 11:27
FUTBOL
"Mənim “Kayserispor”dan ayrılmaqda əsas məqsədim də daha çox oynamaq idi. Halbuki Almaniyada həm maaş, həm də yaşayış şəraiti baxımından hər şey çox yaxşı idi"
“Qarşılaşma kifayət qədər maraqlı alındı. Hər iki komanda hücum etməyə çalışır, meydanda gərgin mübarizə gedirdi. Erkən qol vurmağımız qələbədə mühüm rol oynadı. Bu gün gənc futbolçular da meydana çıxdılar və özlərini çox yaxşı tərəfdən göstərdilər. Məncə, hər kəs sona qədər mübarizə apardı. Yoldaşlıq görüşü olsa da, bu oyunun bizim üçün xüsusi əhəmiyyəti var idi”. Matc.az xəbər verir ki, bu sözləri Andorra ilə yoxlama oyunundan (3:1) sonra Mahir Emreli deyib.
Təcrübəli hücumçu hazırda çıxış etdiyi Polşanın “Rakuv” klubundakı forması və komandanın son nəticələri barədə danışıb: “Yavaş-yavaş öz oyunumuzu tapırıq. “Rakuv”da yeni baş məşqçinin gəlişindən sonra sistem də daha yaxşı “oturuşub”. Futbolçu müntəzəm oynayanda daim formada olur. Komanda nəticə baxımından çətinlik çəksə belə, müntəzəm oyun praktikası futbolçunun özünəinamına müsbət təsir göstərir. “Rakuv”a keçməkdə əsas məqsədlərimdən biri də əvvəlki klubumla müqayisədə daha çox oynamaq idi. Hələlik hər şey yaxşı gedir. Son üç oyunumuzda qələbə qazanmışıq. Həftəsonu derbidə də qələbə qazanmağa çalışacağıq”.
Emreli gələcəkdə Azərbaycana qayıtmaq ehtimalı, eləcə də yerli klublardan, o cümlədən “Qarabağ”dan mümkün təklif alacağı təqdirdə verə biləcəyi qərar barədə fikirlərini bölüşüb: “Futbolçu hər hansı addım atarkən ilk növbədə düzgün qərar verməyə çalışır. Lakin bu qərarlar hər zaman uğurlu olmur. Məsələn, “Kayserispor”da yaşadığım vəziyyət buna nümunədir. Mövsümün orada necə keçəcəyini əvvəlcədən bilə bilməzdim. Ümumiyyətlə, həmin mövsümdən sonra Azərbaycana qayıtmaq özüm üçün xoş olmazdı. Çünki belə olan halda, insanların fikrində “alınmadı və geri qayıtdı” düşüncəsi formalaşa bilərdi. Lakin yaxşı mövsüm keçirdikdən sonra insan gələcəyi barədə daha rahat düşünür, karyerasını uzadacaq və özü üçün faydalı olacaq variantları nəzərdən keçirir. Bu, Azərbaycan klubu da ola bilər, Avropanın başqa təmsilçisi və ya Asiya klubu da. Son qərar futbolçunun özündən asılıdır. Bu məsələdə hər futbolçunun yanaşması fərqlidir. Kimisi maliyyə tərəfini, kimisi isə oyun praktikasını üstün tutur. Mənim “Kayserispor”dan ayrılmaqda əsas məqsədim də daha çox oynamaq idi. Halbuki Almaniyada həm maaş, həm də yaşayış şəraiti baxımından hər şey çox yaxşı idi. Ancaq oynamağı sevən futbolçu kimi mənim üçün əsas məsələ meydana çıxmaq idi. Hazırda klubumda xoşbəxtəm. Burada çox gözəl ab-hava var. Açığı, bu qədər müsbət mühitlə qarşılaşacağımı gözləmirdim. Mövsümün sonunadək mübarizə apararaq komandadakı yerimi qorumağa və daha da möhkəmləndirməyə çalışacağam”.













