“Barselona”nın sabiq futbolçusu, “Andorra” klubunun sahibi Jerar Pike komandanın qapıçısı Xesus Ovonoya verilən 12 oyunluq cəzanı həddindən artıq sərt hesab edib. Matc.az xəbər verir ki, Pike ispaniyalı qapıçının “Tenerife”nin hücumçusu Xesus de Migelin ölümü ilə nəticələnən hadisədə günahkar olmadığını düşünür.
Hadisə noyabrın 2-də İspaniya Sequndasının 12-ci turu çərçivəsində keçirilən “Tenerife” – “Andorra” matçında baş verib. Görüşün ikinci hissəsinin sonlarında, hesab 2:2 olarkən, Xesus de Migel rəqib qapıçı ilə toqquşaraq yerə yıxılıb. Epizod zamanı Ovononun dizinin hücumçunun sinəsinə dəyib.
Futbolçu dərhal xəstəxanaya aparılsa da, ertəsi gün vəfat edib.
Hadisədən sonra intizam orqanları Xesus Ovonoya 12 oyunluq cəza verib.
Jerar Pike isə bu qərarla razılaşmır. O, sosial şəbəkələrdə yayımladığı video müraciətdə qapıçıya verilən cəzanın hadisənin nəticəsinə əsaslandığını, halbuki qiymətləndirmənin meydandakı hərəkətin xarakterinə görə aparılmalı olduğunu bildirib:
“Xesus Ovonoya 12 oyunluq cəza verilməsi, əslində, onu günahkar olmadığı bir nəticəyə görə məsuliyyət daşımağa məcbur edir. Cəza hadisənin nəticəsinə deyil, oyunçunun hərəkətinə əsaslanmalıdır.
2012-ci ildə mən də Viktor Valdeslə çox oxşar vəziyyətdə toqquşmuşdum. Lakin bu, onu günahkar etməmişdi. Hətta daha ağır nəticə baş versəydi belə, o, yenə də günahkar sayılmazdı.
İnsanlar tez-tez kimisə günahlandırmağa ehtiyac duyurlar. Əks halda, futbol meydanında belə hadisələrin niyə baş verdiyini anlamaqda çətinlik çəkirlər. Bu, bədbəxt hadisədir”.













