“Neftçi”nin yarımmüdafiəçisi Viçko Şevel Misli Premyer Liqasının XI turunda “Kəpəz” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Matc.az xəbər verir ki, xorvatiyalı futbolçu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Şevel qarşılaşmanın çətin keçdiyini, lakin komandanın əsas məqsədinin üç xal qazanmaq olduğunu bildirib:
“Çox çətin oyun oldu. “Kəpəz” yaxşı komandadır. Qol vurmaqda çətinlik çəksək də, sonadək yaxşı oynadıq. Komandamla fəxr edirəm. Üç xal qazandıq və hazırda çox xoşbəxtik”.
Çempionatın ilk dövrəsini lider kimi başa vurmalarına da münasibət bildirən yarımmüdafiəçi mövsümün sonunda çempion olmağa ümid etdiyini deyib:
“Bu, əla hissdir. Amma bu, sadəcə ilk dövrədir. Biz bu barədə düşünmürük. Hər oyunda qalib gəlmək və matçdan-matça irəliləmək istəyirik. Sonda hansı mövqedə olacağımızı görəcəyik. Ümid edirəm ki, çempion olarıq”.
Sıx oyun qrafiki və qarşıdakı “Araz-Naxçıvan” matçı barədə danışan Şevel isə komandanın hər görüşə qələbə üçün çıxdığını vurğulayıb:
“Oyun qrafikini olduğu kimi qəbul etməliyik. Onu dəyişə bilmərik. Biz “Neftçi”yik və hər oyuna çıxıb qalib gəlməliyik. Məşqçimiz və rəhbərliyimizlə birlikdə soyunub-geyinmə otağında da bu düşüncədəyik. Sadəcə hazırlaşmalı, növbəti oyuna çıxıb qalib gəlməliyik”.













