06 Noyabr 2026, 13:14
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasının əsas mərhələsində 4 tur geridə qalıb. Matc.az xəbər verir ki, ilk 4 tura əsasən UEFA komandaların statistik göstəricilərini açıqlayıb. Azərbaycanın turnirdəki təmsilçisi “Sabah”ın bəzi diqqətçəkən statistik məlumatlarını təqdim edir.
– İlk 4 turda 4 qola imza atan “Sabah” ən az məhsuldarlıq göstərən komandalardan biridir. Çempionumuz yalnız aktivində 1 qol olan “Slovan” və rəqib qapılarına 3 dəfə yol tapan PSV-ni qabaqlayır.
– Qapıya 52 zərbə vuran çempionumuz bunun yalnız 14-də “çərçivə”ni düzgün nişan ala bilib. Bu göstəricidə isə bakılılar 30-cu yerdə qərarlaşır.
– Ötürmələrin dəqiqlik faizi də ürəkaçan deyil – 82,5%. Bu bu statistikada isə bakıllar cəmi 3 komandadan (“Slovan” (78,8), “Vikinq” (79,8), “Slaviya” (80,8)) öndədir.
– 4 matçda ümumilikdə 1671 ötürmə edən “Sabah”ın futbolçularının bu cəhdinin 1383-ü ünvana çatıb. Lakin bu, ən yaxşı halda 31-ci sırada qərarlaşmağa kömək olub. Maraqlıdır ki, Türkiyə təmsilçisi “Fənərbağça”nın bu baxımdan göstəricisi daha aşağıdır – 1342 dəqiq ötürmə.
– Topa sahib olma faizində isə Valdas Dambrauskasın yetirmələri həm “Fənərbağça”, həm də “Qalatasaray”dan yaxşıdır. “Bayquşlar” orta hesabla matçlarda 48,8 faizlik topa sahib olma ilə yadda qalır. Bununla komanda 22-ci yerdədir.
– Dörd görüşdə “Sabah” ümumilikdə 132 dəfə hücuma atılıb. Azərbaycan çempionu bu göstərici ilə 36 komanda arasında 34-cüdür. “Lill” (127) və “Slovan”da (106) durum daha acınacaqlıdır.
– “Sabah” ən çox ofsayda düşən komandalardan biridir. Qəsəbə təmsilçisinin futbolçularına görə 11 dəfə oyundankənar vəziyyət qərarı verilib. “Sabah” bu sayda “Portu” (16), “Liverpul” (13), “Lill” (13) və “Qalatasaray”dan (12) sonra 7 komanda ilə 5-ci yeri bölüşür.
– 4 matçda qapıçısı ən çox seyv edən komandalardan biri məhz Azərbaycan çempionudur. “Sabah”ın qolkiperi ümumilikdə 22 dəfə komandasını qoldan xilas edib ki, komanda bu baxımdan 3-cüdür. Yalnız “Brügge” (27) və “Slovan”ın (25) qolkiperi daha yaxşı göstəriciyə malikdir.
– O ki qaldı fərdi göstəricilərə, “Sabah”ın hücumçusu Coy Lens Mikels ofsayda düşməkdə 5-cidir. Almaniyalı forvard 5 dəfə oyundankənar vəziyyətdə yaxalanıb.
– Müdafiəçi Akim Zedadka ən çox kobudluğa məruz qalan ikinci futbolçudur. Əlcəzairli cinah oyunçusunu 12 dəfə kobudluqla dayandırıblar. O, bu baxımdan yalnız “Real”ın yarımmüdadfiəçisi Cud Bellingemdən (13) geri qalır (futbolinfo).
Qeyd edək ki, “Sabah” hazırda 3 xalla turnir cədvəlinin 31-ci pilləsində qərarlaşır.






_1695474752.png)






