“Turan Tovuz” klubu Qarabağ Dirçəliş Fonduna (QDF) 50 min manat ianə edib. Matc.az xəbər verir ki, klub bu vəsaiti oktyabrın 3-də Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə keçirdiyi yoldaşlıq oyunundan əldə edib.
Bundan əlavə, “Turan Tovuz” QDF-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin əsas tərəfdaşı olacaq.
Klubla Fond arasında əməkdaşlığın əsası sentyabrın 28-də QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanan Anlaşma Memorandumu ilə qoyulub.
Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku”nun üçüncü mövsümündə 44 komanda mübarizə aparacaq. Turnir QDF-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilati dəstəyi, “CBC Sport” telekanalı və 1news.az portalının media tərəfdaşlığı ilə keçiriləcək.
Yarışdan əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.
Turnirlə bağlı ətraflı məlumatı revivalcup.az saytından əldə etmək mümkündür.













