Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov Türkiyə Birinci Liqasının təmsilçisi “Bursaspor”da özünə yer tapa bilmir. Matc.az xəbər verir ki, həmyerlimiz qış transfer dövründə klubu tərk etməyi planlaşdırır.
25 yaşlı futbolçunun narazılığının əsas səbəbi baş məşqçi Mustafa Erin ona az etimad göstərməsidir. “Bursaspor” “Mardin 1969"a 1:2 hesabı ilə məğlub olanda Bayramov ehtiyat oyunçular sırasında qalıb.
Komandanın “Muğlaspor”u səfərdə 3:0 məğlub etdiyi oyunda da ilk heyətə düşməyib.
Ardıcıl iki tur ehtiyatda qalan futbolçu qərarını agentlərə çatdırıb və onlardan yeni klub axtarmağı xahiş edib. O, yalnız Mustafa Erlə yollar ayrılarsa, “Bursaspor”da qalmağa razı olduğunu bildirib.
Türkiyə mətbuatında klubun əsas heyətə düşə bilməyən bəzi oyunçularla vidalaşmasının mümkünlüyü yazılıb. “Bursaspor”da matçlara əsasən sonradan daxil olan Toral da hələ ki, əsas heyət oyunçuları ilə rəqabətdə uduzur. Bu səbəbdən ayrılma ehtimalı olanlar arasında onun da adı çəkilir.
Bayramov bu mövsüm liqada 7 oyuna çıxıb, lakin meydanda cəmi 237 dəqiqə keçirib. Yəni oyun başına orta hesabla yarım saatdan bir qədər çox vaxt alıb.













